Si Cinpin: ABŞ ilə yeni ticarət razılaşmasına nail olduq



Çin Prezidenti Si Cinpin ABŞ-a səfəri çərçivəsində Ağ Evdə Donald Trampla görüşündə iki ölkənin yeni ticarət razılaşmasına dair razılığa gəldiyini bildirib.

AFN.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Ağ Evdə nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriblər.

Si iki ölkənin iqtisadiyyat və ticarət nümayəndə heyətləri arasında aparılan məsləhətləşmələrdə yeni birgə razılaşma əldə edildiyini bildirib. O, bunun Çin və ABŞ xalqları, sənaye sahələri və dünya iqtisadiyyatı üçün yaxşı xəbər olduğunu qeyd edib.

Çin lideri əməkdaşlığın ikitərəfli proses olduğunu vurğulayıb. Onun sözlərinə görə, Çin-ABŞ iqtisadi və ticarət əlaqələrinin sabitliyi əməkdaşlıq məsələlərinin genişləndirilməsindən və problem yaradan məsələlərin azaldılmasından asılıdır.

Trampın ikinci prezidentlik dövründə Çin və ABŞ arasında tarif artımları, texnologiya sahəsində məhdudiyyətlər və Çinin qlobal tədarükün böyük hissəsini təmin etdiyi nadir torpaq elementlərinə nəzarətlə bağlı addımlar səbəbindən bir sıra fikir ayrılıqları yaranıb.

Tramp və Şi 2025-ci ilin oktyabrında Cənubi Koreyanın Pusan şəhərində keçirdikləri görüşdə fikir ayrılığı yaradan məsələlər üzrə müvəqqəti razılaşmaya gəlmişdilər.

İki ölkənin iqtisadi nümayəndə heyətləri əvvəlki gün keçirilən görüşdə noyabrın 10-da başa çatacaq müvəqqəti razılaşmanın müddətinin 2027-ci ilin yanvarına qədər uzadılması barədə razılığa gəlmişdilər.

Si Cinpin süni intellekt sahəsində Çin və ABŞ-ın rəqabətlə yanaşı əməkdaşlıq da edə biləcəyini bildirib.

O, iki ölkənin bir-birinə qarşı müdafiə mövqeyi tutmaq əvəzinə üstün olduqları sahələrdən qarşılıqlı faydalana, süni intellekt üzrə dialoqu davam etdirə, risklər və imkanlar barədə fikir mübadiləsi apara və texnologiyanın sui-istifadəsinin qarşısını birlikdə ala biləcəyini qeyd edib.

Çin lideri süni intellekt texnologiyalarında insan nəzarətinin qorunmasının, insan mərkəzli və faydalı yanaşmaya sadiq qalınmasının vacibliyini vurğulayıb.

Süni intellekt təhlükəsizliyinin görüşün əsas mövzularından biri olduğu bildirilib. İki ölkənin süni intellektin yarada biləcəyi risklər barədə məlumat mübadiləsini və mümkün təhdidlərə dair erkən xəbərdarlığı əhatə edən dialoqa başlaması gözlənilir.

ABŞ və Çinin süni intellekt təhlükəsizliyinə yanaşmalarında fərqlər mövcuddur. Vaşinqton risklərin idarə edilməsinə, Pekin isə daha geniş qlobal süni intellekt idarəetmə sisteminin yaradılmasına diqqət yetirir.

ABŞ-ın süni intellekt şirkətləri isə Çin şirkətlərinin distillə adlandırılan üsulla öz modellərindən məlumat əldə etdiyini iddia edərək Vaşinqtondan bunun qarşısını alacaq tədbirlər görməsini istəyirlər.

Si Cinpin Tayvan məsələsində Çinin mövqeyini də təkrarlayıb və bunun milli birlik və ərazi bütövlüyü ilə bağlı olduğunu bildirib.

O, ABŞ administrasiyasını Tayvanın müstəqilliyi məsələsində düzgün mövqe tutmağa və Çin-ABŞ strateji əməkdaşlığı ilə ikitərəfli münasibətlərin inkişafının əsasını qorumağa çağırıb.

Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi Tayvan 1949-cu ildən faktiki olaraq ayrıca idarə olunur. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan siyasi ayrılıq və suverenlik mübahisəsi davam edir.

Pekin Tayvan məsələsində vahid Çin prinsipini müdafiə edir və adanın müstəqil diplomatik əlaqələr qurmasına, BMT və digər beynəlxalq təşkilatlarda təmsil olunmasına qarşı çıxır.

Son illərdə Pekin Tayvan ətrafında hərbi təzyiqi artırıb və adanın materiklə birləşdirilməsi üçün güc tətbiqini istisna etmədiyini bildirib. Tayvan da müdafiə xərclərini artıraraq ABŞ-dan aldığı yeni silah sistemləri vasitəsilə müdafiə imkanlarını gücləndirməyə çalışır.

İki lider Yaxın Şərq, Ukrayna və Koreya yarımadasındakı vəziyyət də daxil olmaqla beynəlxalq və regional böhranlar barədə fikir mübadiləsi aparıblar.

Si Cinpin ABŞ və İranın problemləri dialoq və danışıqlar yolu ilə həll etmək istiqamətinə qayıtmasını, nüvə məsələsi də daxil olmaqla hərtərəfli razılaşmaya nail olmasını və mümkün qədər tez sülhə çatmasını arzuladığını bildirib.

Çin lideri bütün ölkələrin suverenliyinə və təhlükəsizliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb və gərginliyin azaldılması üçün konstruktiv rol oynadıqlarını qeyd edib.

ABŞ və İsrailin İrana hücumları ilə başlayan və İranın cavab zərbələri ilə Yaxın Şərqdə genişlənən müharibənin qlobal enerji ticarəti üçün mühüm keçid marşrutu olan Hörmüz boğazında yaratdığı fasilələrin iqtisadi təsirləri davam edir.

Yəməndə hökumət qüvvələri ilə döyüşən İranın dəstəklədiyi husilərin Qırmızı dəniz sahilindəki yaşayış məntəqələrini ələ keçirməsi ilə enerji daşımalarında fasilələrin Babülməndəb boğazına da yayılması ehtimalı qeyd olunur.

ABŞ administrasiyasının Rusiya və İrana qarşı sanksiyaları genişləndirməsi də Çinlə aparılan danışıqların iqtisadi gündəminə təsir edə biləcək məsələlər sırasında göstərilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu