"Reuters": İsrail yaxın aylarda İranın nüvə obyektlərinə zərbə endirə bilər

İsrail yaxın bir neçə ay ərzində İranın nüvə infrastrukturuna məhdud zərbələr endirə bilər.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, İsrail ABŞ-a hava hücumları və xüsusi əməliyyatlar da daxil olmaqla bir neçə hücum variantı təklif edib. Zərbələr 2025-ci ilin yazının sonu və ya yayında baş verə bilər. "Nəticədə Tehranın bir neçə aydan bir ilə qədər nüvə enerjisindən hərbi istifadəyə keçmək imkanından məhrum olacağı gözlənilir", - deyə agentliyin həmsöhbətləri əlavə ediblər.
Bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır. İsrail əmin idi ki, ABŞ hücumun hazırlanmasında fəal iştirak edəcək və yəhudi dövlətini İranın mümkün cavab zərbəsindən müdafiə ilə təmin edəcək. Lakin ABŞ prezidenti Donald Tramp İranla mübahisənin diplomatik yolla həllinə dair öhdəlik götürüb və aprelin əvvəlində İsraili belə bir hərbi əməliyyatı dəstəkləməyəcəyi barədə məlumatlandırıb.