İtaliyanın 27 şəhərində həddindən artıq isti ilə əlaqədar "qırmızı həyəcan" elan edildi
İtaliyada təsirini gücləndirən isti hava dalğası səbəbindən ölkənin 27 böyük şəhərinin hamısında ən yüksək təhlükə səviyyəsi olan "qırmızı həyəcan" elan edilib.
AFN.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, ölkədə davam edən anomal isti hava şəraiti gündəlik həyata mənfi təsir göstərir.
İtaliya Səhiyyə Nazirliyinin yaydığı son bülletendə bildirilib ki, daha əvvəl 25 şəhərdə tətbiq olunan 3-cü səviyyə "qırmızı həyəcan" sistemi daha iki şəhəri də əhatə edərək ümumilikdə 27 şəhərə şamil olunub.
Qırmızı həyəcan elan edilən bölgələrin bəzilərində havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyi gözlənilir. Sinoptiklər isti hava dalğasının ən azı bir həftə də davam edəcəyini proqnozlaşdırırlar.
Səhiyyə Nazirliyi bildirib ki, 3-cü səviyyəli qırmızı həyəcan uzunmüddətli ekstremal istilərin cəmiyyətin bütün üzvlərinin sağlamlığı üçün ciddi risk yaratdığını ifadə edir. Qeyd olunub ki, xəbərdarlıq təkcə yaşlılara, uşaqlara və xroniki xəstəliyi olanlara deyil, sağlam insanlara da aiddir.
İtaliya bu il artıq dördüncü dəfə güclü isti hava dalğasının təsiri altına düşür. Bundan əvvəl qeydə alınan isti hava dalğaları zamanı yüksək temperatur səbəbindən ölüm halları da baş vermişdi.
