Belçikada anomal istilər səbəbindən qırmızı həyəcan siqnalı verilib



Belçikada təsirini artıran anomal isti hava dalğası səbəbindən LyejLimburq şəhərlərində sabah üçün ən yüksək səviyyə olan qırmızı həyəcan siqnalı elan edilib.

AFN.az xəbər verir ki, Belçika Kral Meteorologiya İnstitutu (IRM) iyunun 26-da ölkənin şərqində hava temperaturunun 40 dərəcəyə çatacağını açıqlayıb.

Anomal istilər səbəbindən Lyej və Limburqda cümə günü boyunca qırmızı həyəcan siqnalının tətbiq olunacağı bildirilən bəyanatda ölkənin qalan hissəsində isə ən azı şənbə gününə qədər narıncı həyəcan siqnalının qüvvədə qalacağı ifadə edilib.

Qırmızı həyəcan siqnalı çərçivəsində bələdiyyələr və səhiyyə qurumları isti hava ilə mübarizə üzrə fəaliyyət planlarını işə salıblar.

Bu çərçivədə aşağıdakı tədbirlər tətbiq olunur:

Yaşlıların və tənha yaşayan şəxslərin vəziyyətinin mütəmadi nəzarətdə saxlanılması,

Qocalar evlərində əlavə təhlükəsizlik tədbirlərinin tətbiqi,

Açıq havada çalışan işçilərin qorunmasına yönəlmiş mühafizə tədbirlərinin artırılması,

Vətəndaşlara günün ən isti saatlarında çölə çıxmamaq barədə xəbərdarlıqların edilməsi.

Belçikada bu gün temperaturların 33 ilə 38 dərəcə arasında dəyişəcəyi gözlənilir. Gecə temperaturlarının da qeyri-adi dərəcədə yüksək olduğu ölkənin böyük şəhərlərində səhər tezdən belə termometrlər 25-27 dərəcədən aşağı enmir.

Anomal istilər səbəbindən bəzi məktəb və bağçalarda dərslərin saatları yenidən tənzimlənib, dəmir yolu nəqliyyatında isə yüksək temperaturla bağlı fasilələr və gecikmələr yaranır.

Digər tərəfdən, Brüsselin Ukkel bələdiyyəsində iyunun 24-də 34 dərəcə isti qeydə alınmaqla 1976-cı ilə aid tarixi rekord yenilənib.

Meteoroloqlar yaxın günlərdə temperaturların daha da yüksələcəyini, iyun ayı üçün yeni isti rekordlarının qırılacağını, ölkə tarixinin ən isti iyun günü, ən isti gecəsi və həftəsinin yaşana biləcəyini vurğulayırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu