İngiltərədə anomal istilər səbəbindən qırmızı xəbərdarlıq elan edilib
İngiltərədə London da daxil olmaqla bu həftə bir çox bölgədə təsirli olacaq anomal isti hava şəraiti ilə əlaqədar qırmızı xəbərdarlıq səviyyəsi elan olunub.
AFN.az xəbər verir ki, İngiltərə Meteorologiya Ofisi (Met Office) London, İngiltərənin cənubu, şərqi, qərbi Midlands və Uels də daxil olmaqla bir çox ərazidə həftə boyu şiddətli isti hava dalğasının hökm sürəcəyini bildirib.
Bu həftə xüsusilə çərşənbə və cümə axşamı günləri İngiltərə və Uelsin böyük hissəsində müşahidə edilməsi gözlənilən anomal istilər zamanı temperaturun 37 dərəcəni keçə biləcəyi, bəzi bölgələrdə isə 38-40 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Yüksək temperaturla yanaşı rütubətliliyin də artacağı gözlənilir ki, Met Office bu vəziyyətin sağlamlıq üçün riskləri daha da artıra biləcəyi barədə xəbərdarlıq edib.
Qurum həmçinin anomal istilərin gündəlik həyatda ciddi axsamalara yol aça biləcəyini qeyd edərək, ölkədə olduqca nadir görünən bu cür temperatur səviyyələri ilə mübarizə aparmaq üçün hər növ tədbirin görülməsini tövsiyə edib.
İngiltərə ötən ay da güclü isti hava dalğasının təsiri altında qalmış və həmin dövrdə ölkənin bəzi yerlərində temperatur göstəriciləri 35 dərəcədən yuxarı qeydə alınmışdı.



