Avropada qırmızı həyəcan: Temperatur 40 dərəcəni ötəcək
Fransa, İspaniya və mərkəzi Avropa miqyasındakı digər ölkələrdə yaxın günlərdə temperaturun daha da artaraq 40 dərəcədən yuxarı qalxacağı ehtimalı ilə qırmızı həyəcan siqnalı verilib.
AFN.az xəbər verir ki, Fransa Meteorologiya Qurumu (Meteo-France) ölkədəki bölgələrin yarısından çoxunda ən yüksək səviyyəli hava xəbərdarlığının qüvvədə olduğunu, yüzlərlə məktəbin bağlanması barədə qərar qəbul edildiyini və bazar ertəsi günü Bordo şəhərində termometrlərin 42 dərəcəni göstərdiyini bildirib.
İsti hava dalğası ilə əlaqələndirilən bir hadisədə ölkənin cənubundakı Karpantras qəsəbəsində iki və dörd yaşlarında olan iki uşaq ailələrinə məxsus avtomobilin içində ölü tapılıb.
Analoji olaraq Almaniya, İtaliya, İsveçrə və Lüksemburq rəsmiləri də qırmızı həyəcan siqnalı yayıblar. Yüksələn temperaturun Böyük Səhradan şimala doğru hərəkət edən və təsir dairəsinə düşən bölgələrdə isti havanı bloklayan hava dalğasından qaynaqlandığı bildirilir.
Meteoroloqlar mövcud şəraitin son illərin ən uzunmüddətli isti hava dalğalarından birinə çevrilə biləcəyini ifadə edirlər. Elm adamları təkrarlanan isti hava dalğalarının qlobal istiləşmənin bir əlaməti olduğunu vurğulayarkən, "Meteo-France" Fransada 1947-ci ildən bəri qeydə alınan 51 isti hava dalğasından 34-nün 2000-ci ildən sonra, 26-sının isə 2011-ci ildən bəri yaşandığına diqqət çəkib.
Qitənin digər ölkələrində də bənzər çətinliklər yaşanır. İspaniya Dövlət Meteorologiya Agentliyi (Aemet) mövsüm normalarından 5-10 dərəcə yüksək olan və bəzi bölgələrdə 44 dərəcəyə çatması gözlənilən həddindən artıq yüksək temperaturlar barədə xəbərdarlıq edib.
Bask Bölgəsi üçün qırmızı həyəcan siqnalı verilərkən, San-Sebastian şəhərində temperaturun mövsüm normalarının təxminən iki qatı olan 40 dərəcəyə yüksələcəyi təxmin edilir.
İtaliya Milan, Turin, Venesiya, Boloniya, Florensiya və Romanın da daxil olduğu 12 şəhər üçün günlərdir davam edən 35 dərəcədən yüksək istilərin ardından qırmızı həyəcan elan edib.
Almaniyada temperaturların 38 dərəcəyə qədər yüksəldiyi həftəsonu çimmək zamanı baş verən bədbəxt hadisələrdə 5 nəfər həyatını itirib.
İngiltərə Meteorologiya Ofisi (Met Office) bəzi bölgələrdə temperaturların 38 dərəcəyə çata biləcəyi təxminləri əsasında çərşənbə və cümə axşamı günləri üçün İngiltərə və Uelsin bəzi hissələrinə nadir görünən qırmızı isti hava xəbərdarlığı yayımlayıb.
Yunanıstanın mərkəzindəki Akraifnio yaxınlığında isti, quru hava və güclü küləklərdən sonra başlayan meşə yanğını əsas magistral yolun müvəqqəti bağlanmasına səbəb olub.
Belçikada IRM meteorologiya institutu gələn həftə üçün rekord temperaturlar proqnozlaşdırarkən, dəmir yolu idarəsi isti hava səbəbindən bazar ertəsi və çərşənbə axşamı günləri bəzi sıxlıq saatlarındakı qatar reyslərinin ləğv edildiyini bəyan edib.
Qitənin bir çox bölgəsində temperaturların çərşənbə günü pik nöqtəyə çatacağı gözlənilir və Paris üçün 41 dərəcə proqnozu verilir. Paytaxtda bazar ertəsi günü bəzi qatar xətlərində reyslər azaldılıb.
Fransa milli dəmir yolu idarəsi SNCF həssas vəziyyətdə olan şəxslərə bu həftə qatar səyahətindən qaçınmaq və ya səfərlərini təxirə salmaqla bağlı çağırış edib.
Fransa Təhsil Nazirliyi ölkədə 845 məktəbin bağlandığını, 1800 məktəbdə isə şagirdlərin dərsləri tez bitirməsinə icazə verildiyini açıqlayıb.
Lakin bir milyondan çox lisey şagirdi isti havaya baxmayaraq, bakalavr imtahanının şifahi finallarına girməyə davam edir.
"Meteo-France" tərəfindən verilən qırmızı həyəcan siqnalı həyati təhlükə yarada biləcək şəraitdə əhaliyə son dərəcə diqqətli olmağı tövsiyə edən ən yüksək xəbərdarlıq səviyyəsini təmsil edir.
Ölkədəki onlarla digər bölgədə isə ikinci ən yüksək səviyyə olan narıncı həyəcan tətbiq olunur və bu vəziyyət ölkə daxilində təxminən 63 milyon insana təsir edir.
Fransa hökuməti həftəsonu göl və çay kimi nəzarətsiz ərazilərdə 13 nəfərin boğularaq həyatını itirməsindən sonra əhaliyə bu yerlərdə sərinləşməyə çalışmamaq barədə çağırış edib.
Cənub-qərbdəki Jirond bölgəsində yerli rəsmilər bazar günü yaşları 80 ilə 95 arasında dəyişən üç nəfərin qismən kəskin isti hava səbəbindən dünyasını dəyişdiyini bildiriblər.

