Yeni isti hava dalğasının təsirinə məruz qalan Fransanın 16 vilayətində narıncı həyəcan siqnalı



İyun ayında rekord dərəcədə isti hava şəraitinin qeydə alındığı Fransa yeni bir isti hava dalğasının təsiri altına düşərkən 16 vilayətdə narıncı həyəcan siqnalı elan edilib.

AFN.az xəbər verir ki, Fransanın "Meteo-France" meteorologiya agentliyi əksəriyyəti ölkənin cənub və cənub-qərbində olmaqla, 16 vilayətdə yüksək temperatur səbəbindən həyəcan səviyyəsinin narıncıya qaldırıldığını bəyan edib.

"Meteo-France" keçən ay rekord səviyyədə istilərin müşahidə olunduğu Fransanın ayın ortalarına qədər yeni bir isti hava dalğasının təsiri altında qalacağı barədə xəbərdarlıq edib.

Ölkənin bəzi şəhərlərində termometrlərin 40 dərəcəni göstərəcəyi gözlənilir.

Fransanı keçən ay təxminən iki həftə ərzində təsiri altında saxlayan isti hava dalğası nəqliyyatdan səhiyyəyə, təhsildən istehsala qədər bir çox sahədə həyata mənfi təsir göstərib, Parisdə isə iyunun 26-da yalnız bir gün ərzində 109 nəfər istilər səbəbindən həyatını itirib.

Ölkə tarixinin ən isti iyun ayını yaşayarkən, Fransa Səhiyyə Nazirliyi 22-28 iyun tarixlərində əvvəlki illərin ortalama göstəriciləri ilə müqayisədə əlavə 2025 ölüm halının qeydə alındığını açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu