Alimlər dinozavrda xərçəng izləri tapdı – İnsanlara yeni müalicə yolu aça bilər


Dinozavr fosilləri ilə müasir xərçəng araşdırmaları ilk baxışda bir-birindən çox uzaq sahələr kimi görünə bilər. Lakin yeni bir tədqiqat göstərir ki, milyon illərlə qorunmuş yumşaq toxumalar xərçəngin necə yarandığı və necə müalicə edilə biləcəyi barədə dəyərli ipucları verə bilər.



İngiltərə və Rumıniyadan olan alimlər təxminən 66–70 milyon il əvvəl bu günkü Rumıniya ərazisində yaşamış Telmatosaurus transsylvanicus adlı inək ölçüsündə bir dinozavrın fosilləşmiş qalıqlarını araşdırıblar.



Yüksək dəqiqlikli mikroskoplarla aparılan analizlər zamanı bu dinozavrın çənə sümüyündə əvvəllər aşkarlanmış şişlə əlaqəli eritrositəbənzər (alyuvarabənzər) quruluşlar aşkar edilib.



Milyonlarla illik yumşaq toxuma qorunub



Tədqiqatçılar bu kəşfin fosillərdə əvvəl düşündüyümüzdən daha tez-tez yumşaq toxumaların qorunmuş ola biləcəyini göstərdiyini vurğulayırlar. Bu da qədim canlılar və onların xəstəlikləri barədə daha çox məlumat əldə etməyə imkan yaradır.



Anglia Ruskin Universitetindən onkoloq Castin Stebbing bildirib ki, quruluşca sümükdən fərqli olaraq, yumşaq toxumalar proteinlər ehtiva edir. Bu proteinlər xəstəliklərin bioloji mexanizmlərini ortaya çıxara biləcək molekulyar məlumat daşıyır.



Tədqiqatçılar hesab edirlər ki, bu yumşaq toxuma qalıqları xərçəngin necə yarandığı və necə təkamül etdiyi barədə də əhəmiyyətli bilgilər verə bilər.



İnsanlar üçün yeni müalicə yolları aça bilər



Məsələn, balinalar və fillər kimi böyük heyvan növləri xərçəngə qarşı özlərini qorumaq üçün xüsusi mexanizmlər inkişaf etdiriblər. Dinozavrların da bu cür bioloji uyğunlaşmalara malik olub-olmadığını öyrənmək tədqiqatın digər məqsədidir.



Bu uyğunlaşmaları anlamaq gələcəkdə insanlarda xərçəngin qarşısının alınması və müalicəsi üçün yeni yanaşmaların inkişafına töhfə verə bilər.



Lakin tədqiqatçılar bu cür fosil nümunələrinin diqqətlə qorunmasının vacibliyini qeyd edirlər. Çünki gələcək elmi nailiyyətlər bu nümunələrin daha detallı təhlilinə imkan yarada bilər. Yetərincə toxuma nümunəsi olmadıqda isə bu imkanlar itə bilər.



Stebbing bildirib ki, uzun ömürlü və iri quruluşlu orqanizmlər olan dinozavrlar milyon illərlə xərçənglə necə mübarizə apardıqları baxımından çox önəmli bir mənbədir.



Tədqiqatda incələnən dinozavrın ameloblastoma adlanan və bu gün insanlarda da müşahidə edilən bir şişə malik olduğu müəyyən edilib. Bu isə xərçəngin milyon illər ərzində necə dəyişdiyini və canlıların bu xəstəliklə mübarizəyə necə uyğunlaşdığını öyrənmək üçün mühüm bir fürsət yaradır.



Proteinlər ipucu verir



Stebbing əlavə edib ki, xüsusilə sümük kimi kalsifikasiya olunmuş (kireçləşmiş) toxumalarda yerləşən proteinlər DNT ilə müqayisədə daha sabit quruluşa malikdir. Bu da onları qədim xəstəlikləri, o cümlədən xərçəngi öyrənmək üçün ideal hala gətirir.



Araşdırma Biology jurnalında dərc olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu