BƏƏ İrana gizli hücumlar təşkil edib - İDDİA
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana gizli hərbi hücumlar həyata keçirdiyi iddia edilib.
AFN.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzeti adını açıqlamaq istəməyən mənbələrə istinadən yayımladığı xəbərdə ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan münaqişə zamanı BƏƏ-nin də birbaşa gizli hərbi əməliyyatlar həyata keçirdiyi irəli sürülüb.
Məlumata görə, BƏƏ-nin aprel ayında atəşkəs dövründə İranın Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı müəssisəsini hədəf aldığı iddia olunur. Bu hücumun böyük yanğına səbəb olaraq zavodun istehsal gücünün böyük hissəsini aylarca sıradan çıxardığı bildirilir.
Xəbərdə qeyd olunur ki, həmin vaxt atəşkəs tam qüvvəyə minmədiyi üçün ABŞ hücuma reaksiya verməyib və BƏƏ də daxil olmaqla münaqişəyə qoşulmaq istəyən digər Körfəz ölkələrinin iştirakı Vaşinqton tərəfindən müsbət qarşılanıb.
Mənbələrin iddiasına görə, BƏƏ İranın cavab hücumlarından sonra Körfəz bölgəsində daha münaqişə yönümlü mövqe sərgiləyib və müharibə boyunca ABŞ-la güclü hərbi əməkdaşlıq davam edib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və BƏƏ Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi şərh verməyib.
Ağ Ev isə müharibə zamanı BƏƏ-nin roluna dair suallara cavab verməsə də, ABŞ Prezidenti Donald Trampın bütün variantların masada olduğunu və Vaşinqtonun İrana qarşı maksimum təzyiq gücünə malik olduğunu bildirib.


