Taylandda yarasalarda yeni koronavirus növü aşkar edildi
Taylandda yarasalarda yeni bir koronavirus (CoV) növünün müəyyən edildiyi, lakin hələlik insanlara yoluxma halının qeydə alınmadığı bildirilib.
AFN.az xəbər verir ki, bu barədə Taylandın “The Nation” nəşri məlumat yayıb.
Məlumata görə, Taylandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyi ölkədə yarasalarda yeni virus ştamının aşkarlandığını təsdiqləyib. Rəsmi açıqlamada indiyədək insanlarda hər hansı yoluxma halının qeydə alınmadığı və hazırkı mərhələdə epidemiya riskinin aşağı olduğu xüsusi qeyd edilib.
İlkin araşdırmalara əsasən, yeni virusun COVID-19 ilə müqayisədə həm xəstəlik yaratma, həm də yoluxma qabiliyyətinin daha zəif olduğu ehtimal edilir. Mütəxəssislər yarasalarda dövr edən bu cür virusların mütəmadi olaraq izlənilməsinin vacibliyini və vəhşi təbiətlə təmas zamanı ehtiyatlı olmağın əhəmiyyətini vurğulayırlar.




