İrandan ABŞ-a uranla bağlı xəbərdarlıq
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzai ölkəsinin yenidən hücuma məruz qalacağı təqdirdə uranın 90 faizədək zənginləşdirilməsinin mümkün variantlar arasında olduğunu bildirib.
AFN.az xəbər verir ki, o, bu barədə "X" (keçmiş Twitter) sosial şəbəkəsində açıqlama verib.
Rzai uranın zənginləşdirilməsi məsələsi ilə bağlı qiymətləndirmələr aparıldığını qeyd edərək, belə bir addımın İran parlamentində geniş şəkildə müzakirə olunacağını bildirib. Bu bəyanat bölgədə gərginliyin artdığı bir vaxtda Tehranın nüvə proqramı ilə bağlı ən kəskin çıxışlarından biri kimi qiymətləndirilir.
Qeyd olunur ki, uranın 90 faiz saflığa qədər zənginləşdirilməsi beynəlxalq standartlara görə nüvə silahı istehsalında istifadə oluna biləcək səviyyə kimi qəbul edilir.
Ekspertlər Tehranın bu xəbərdarlığının həm ABŞ-a, həm də digər regional rəqiblərinə birbaşa mesaj olduğunu vurğulayırlar.


