Müharibə amerikalılara 37,6 milyard dollardan çox əlavə enerji xərci yaradıb
ABŞ-da yayımlanan məlumatlara görə, İsrail və İranla bağlı hərbi gərginlik nəticəsində artan enerji qiymətləri amerikalılara indiyədək 37,6 milyard dollardan çox əlavə yük gətirib.
AFN.az xəbər verir ki, bu göstəricilər Brown Universitetinin Watson School of International and Public Affairs tərəfindən hazırlanan “İran Müharibəsi Enerji Xərci İzləyicisi” hesabatında yer alıb.
Məlumata görə, 28 fevraldan etibarən başlayan münaqişə ABŞ istehlakçıları üçün gündəlik enerji xərclərini kəskin artırıb. Real vaxt rejimində toplanan göstəricilərə əsasən, ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində amerikalıların ümumi əlavə xərci 37,6 milyard dolları keçib.
Bu artımın əsas hissəsi neft qiymətlərinin yüksəlməsi ilə bağlıdır və təxminən 20,5 milyard dollar təşkil edir. Dizel yanacağı ilə bağlı əlavə xərclər isə təxminən 17 milyard dollara çatıb. Hesablamalara görə, ABŞ-da orta bir ailə benzin və dizel qiymətlərinin artması səbəbindən aylıq orta hesabla 286 dollar əlavə ödəniş etməli olub.
Münaqişənin başlanmasından sonra neft qiymətlərinin yüksəlməsi ABŞ-da yanacaq bazarını çətin vəziyyətə salıb. Amerikan Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, 11 may tarixinə ABŞ-da adi benzinin orta qiyməti bir qallona görə 4,52 dollar olub. Müqayisə üçün qeyd edək ki, bu rəqəm bir il əvvəl cəmi 3,14 dollar idi.

