Pezeşkian: Düşmənin məqsədi iqtisadiyyatı pozmaqdır
İran Prezidenti Məsud Pezeşkian düşmənlərin ölkə iqtisadiyyatına təzyiq göstərərək cəmiyyətdə narazılıq yaratmağa çalışdığını bildirib.
AFN.az xəbər verir ki, o, bu fikirləri Tehranda nazirlər və bazar birliklərinin iştirakı ilə keçirilən strateji iqtisadiyyat iclasında səsləndirib.
İclasda bazarlardakı son vəziyyət, inflyasiya ilə mübarizə və müharibə şəraitində əsas məhsulların təchizatı məsələləri müzakirə olunub. Pezeşkian qeyd edib ki, ehtiyatların yığılması və nəzarətsiz qiymət artımlarının qarşısını almaq üçün istehsaldan istehlaka qədər bütün mərhələlər daim izlənilməlidir.
Prezident vurğulayıb ki, düşmənlər cəmiyyətdə xaos yaratmaq strategiyası ilə hərəkət edir: “Hazırkı vəziyyətdə düşmənin ən əsas məqsədlərindən biri iqtisadiyyatı zəiflətmək və insanların dolanışığına təzyiq göstərməkdir. Biz isə həm istehsalçıların qazancını, həm də istehlakçıların məmnuniyyətini qoruyan tarazlı siyasət yürütməliyik”.
O, əhalinin əsas ehtiyaclarının düzgün müəyyən edilməsinin və tələb-təklif balansının qorunmasının vacibliyini bildirərək, bunun dövlət resurslarının səmərəli istifadəsinə imkan verəcəyini əlavə edib.
