Astronomlar ilk dəfə qaranlıqda doğan körpə planetin fotosunu çəkib

Astronomlar kainatın ən sirli proseslərindən birinə şahidlik ediblər. İlk dəfə olaraq gənc bir ulduzun ətrafındakı tozlu halqada yaranan körpə planetin birbaşa görüntüsü əldə edilib.
Tədqiqatçılar inkişaf etmiş adaptiv optik sistemlərdən istifadə edərək bu gənc planet üzərinə düşən hidrogen qazının yaydığı parıltını tutublar və planeti doğum anında aşkarlayıblar.
WISPIT-2 adlı ulduz sistemində yerləşən yeni planet WISPIT 2b adlandırılıb. Planet ulduzun ətrafındakı çoxqatlı toz və qaz halqalarının arasındakı qaranlıq boşluqda kəşf edilib. Normalda bu boşluqların mövcudluğu planetlərin keçid edərək yolunu təmizlədiyini göstərirdi, lakin indiyə qədər bu bölgələrdə birbaşa planet müşahidə olunmamışdı.
Arizona Universitetindən professor Laird Kloz və Hollandiya Leiden Rəsədxanasından doktorant Riçel van Kapelleveen rəhbərlik etdiyi qrup Çilidəki Magellan Teleskopuna bağlı MagAO-X sistemi, Arizonadakı Böyük Binokulyar Teleskop və Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopu ilə müşahidələri həyata keçirib. Nəticələr The Astrophysical Journal Letters jurnalında dərc olunub.
Tədqiqatçılar qeyd ediblər ki, WISPIT 2b-nin kütləsi təxminən Yupiterin beş qatıdır. Sistemdəki digər namizəd planet CC1 isə doqquz Yupiter kütləsinə malikdir. Bu quruluş 4,5 milyard il əvvəl öz Günəş sistemimizin formalaşma dövrünə bənzər bir tablo yaradır. Kloz kəşfin əhəmiyyətini “Onilliklər boyu müşahidə olunan bu qaranlıq boşluqların həqiqətən planetlər tərəfindən yaradıldığını ilk dəfə dəqiq sübut etdik” deyə izah edib.
MagAO-X sistemi gənc planetlərin üzərinə düşən hidrogen qazının yaratdığı isti plazmanı və onun yaydığı hidrogen alfa işığını aşkar edə biləcək şəkildə hazırlanıb. Qrup bu işığı tutaraq WISPIT 2b-nin doğumunu qeyd edib.
Van Kapelleveen bildirib ki, bu tip gənc sistemləri tapmaq çox çətindir, çünki planetlər yalnız gənclik dövrlərində parlaq olur və aşkarlanır. O qeyd edib ki, əgər WISPIT-2 bizim Günəş sistemimiz qədər yaşlı olsaydı, bu gün heç nə görə bilməzdik.
Alimlərin sözlərinə görə, bu kəşf həm planetlərin yaranması nəzəriyyəsindəki böyük boşluğu doldurdu, həm də Günəş sistemimizin necə meydana gəldiyini anlamaq üçün bənzərsiz bir pəncərə açdı.