Atmosferə malik super Yer tipli planet aşkar edilmiş ola bilər
Alimlər Yerdən 49 işıq ili uzaqlıqda yerləşən bir ulduzun orbitində dövr edən planetdə atmosferin mövcudluğuna dair mühüm izlər aşkar ediblər.
AFN.az xəbər verir ki, bu kəşf sözügedən planetin həyat üçün əlverişli şəraitə malik ola biləcəyini göstərir.
"Super Yer" adlandırılan LHS 1140b planeti Yerin kütləsindən təxminən beş dəfə böyükdür. Planet ulduzunun maye suyun mövcud ola biləcəyi temperatur intervalını ifadə edən yaşayışa yararlı zonada yerləşir.
Science jurnalında iyulun 16-da dərc olunan araşdırmanın baş müəllifi, planetşünas Kollin Çerubim bildirib ki, planetin kütlə və radius göstəriciləri onun qayalıq quruluşa malik olduğunu göstərir. Onun sözlərinə görə, LHS 1140b Yer kimi dəmir nüvəyə, silikat mantiyaya və ehtimal ki, sudan və atmosferdən ibarət aşağı sıxlıqlı təbəqəyə sahib ola bilər.
Astronomlar 1990-cı illərdən bu günədək 6 200-dən çox ekzoplanet aşkar ediblər. Hubble Kosmik Teleskopu 2001-ci ildə qaz nəhəngi olan bir ekzoplanetin atmosferinə dair ilk izləri müəyyən etmişdi. Əgər yeni müşahidələr təsdiqlənərsə, LHS 1140b başqa bir ulduzun yaşayışa yararlı zonasında yerləşən qayalıq planetdə atmosferi müəyyən edilən ilk obyekt olacaq.
Uzaq qayalıq planetlərin atmosferini araşdırmağın olduqca çətin olduğunu vurğulayan Çerubim qeyd edib ki, LHS 1140b Günəş sistemindən kənarda həyat axtarışı baxımından indiyədək ən güclü namizədlərdən biridir. Planetin qayalıq quruluşu, maye su üçün əlverişli temperaturu və ehtimal olunan atmosferi həyat üçün əsas şərtlərin mövcud ola biləcəyini göstərir.
Araşdırma çərçivəsində Çilidəki Las Kampanas Rəsədxanasında yerləşən Magellan Clay teleskopu vasitəsilə 2024-cü ilin sentyabrında LHS 1140b-dən sızan helium qazı müşahidə olunub. Alimlərin fikrincə, hidrogenini itirən planet heliumunu qoruyub saxlayıb və atmosferdə heliumla yanaşı oksigen kimi digər qazlar da mövcud ola bilər.
LHS 1140b kainatda ən geniş yayılmış ulduz növü olan qırmızı cırtdan ulduzun ətrafında dövr edir. Bu tip ulduzlar daha kiçik və soyuq olduqları üçün onların ətrafındakı planetlərin atmosferini öyrənmək daha asandır. Bununla yanaşı, yaydıqları güclü rentgen və ultrabənövşəyi şüalanma planet atmosferlərinin məhv olmasına səbəb ola bilər.
Çerubim bildirib ki, qırmızı cırtdan ulduzların ətrafındakı qayalıq planetlərin atmosferlərini qoruyub saxlaya bilməsi astronomiyada hələ də cavabı tam məlum olmayan suallardan biridir. Onun sözlərinə görə, bu kəşf həmin suala verilən ilk ümidverici cavablardan biri hesab oluna bilər.
Tədqiqat qrupu 2025-ci ildə aparılan birillik izləmə müşahidələrində helium qazını yenidən aşkarlaya bilməyib. Araşdırmada bunun heliumun atmosferdən çıxma sürətindəki dəyişkənliklə bağlı ola biləcəyi qeyd olunub.
Payız aylarında LHS 1140b üzərində yeni müşahidələrə başlanılması planlaşdırılır. Planet James Webb Kosmik Teleskopu, Hubble Kosmik Teleskopu və digər rəsədxanaların köməyi ilə yenidən araşdırılacaq.
Tədqiqatın müəlliflərindən, Florida Universitetinin astrofiziki Ceyson Dittmann qayalıq planetdə atmosferin müəyyən edilməsinin uzun illər gözlənilən mühüm nəticə olduğunu bildirib.
Massachusetts Texnologiya İnstitutundan (MIT) Ana Glidden və Liège Universitetindən Mişael Gillon isə kəşfin son dərəcə həyəcanverici olduğunu, lakin atmosferin mövcudluğunu qəti təsdiqləmək üçün daha çox və təkrarlanan müşahidələrə ehtiyac duyulduğunu vurğulayıblar.
