Kosmosda su potensialı olan yeni super-dünya kəşf edilib
Günəş sisteminin dərhal yaxınlığında yerləşən və həyat barındırmaq potensialı daşıyan yeni bir super-dünya kəşf edilib.
AFN.az xəbər verir ki, alimlər cəmi 25 işıq ili uzaqlıqdakı bu planetin həyatın mövcudluğu üçün ilk şərt olan maye halında suya sahib ola biləcəyini təsdiqləyiblər.
Astronomlar "GJ 3378" adlı qırmızı cırtdan ulduzun orbitində fırlanan və "GJ 3378b" adlandırılan ekzoplanetə dair yeni məlumatlar əldə ediblər. Aparılan son həssas müşahidələr bu planetin ilkin təxminlərlə müqayisədə Yerə daha çox bənzəyən bir quruluşa sahib olduğunu ortaya qoyub.
Süd Yolu qalaktikasının təxminən 100 min işıq ili genişliyində olduğu nəzərə alınarsa, 25 işıq ili uzaqlıqdakı bu yeni dünya astronomlar tərəfindən kosmik qapı qonşusu kimi xarakterizə olunur.
Planet Yerdən daha böyük, lakin qalın qaz təbəqələrindən daha çox qayalıq bir quruluşa malik ola biləcək qədər kiçik olduğu üçün super-dünya sinfinə daxildir.
Kaliforniya Universitetindən olan astronom Pol Robertsonun rəhbərlik etdiyi qrupun araşdırmasına görə, "GJ 3378b" Günəş sistemimizin yaxın ətrafında bu günə qədər kəşf edilən Yerə ən çox bənzəyən ekzoplanetlərdən biri olmağa namizəd göstərilir.
Alimlərin kainatda həyat axtararkən ilk diqqət etdikləri meyar planetin öz ulduzuna olan məsafəsi, yəni onun yaşayış zonası sərhədləri daxilində olub-olmamasıdır. Bir planet ulduzuna çox yaxındırsa, su buxarlanır, çox uzaqdırsa, donur.
"GJ 3378b" üzərində aparılan son orbit analizləri planetin öz ulduzu ətrafındakı dövrəsini 21,4 günə başa vurduğunu və tam olaraq bu təhlükəsiz bölgədə yerləşdiyini göstərib.
Planetin ətrafında döndüyü qırmızı cırtdan ulduz bizim Günəşimizə nisbətən daha soyuq və sönük olduğu üçün yaşayış sahəsi ulduza daha yaxın məsafədə formalaşır.
Mütəxəssislər bu super-dünyanın öz ulduzundan aldığı radiasiya miqdarının Yerin Günəşdən aldığı miqdarın 90 faizinə bərabər olduğunu və bunun həyat üçün ideal bir balans yaratdığını bildirirlər.
Planet haqqında ən həyəcanverici irəliləyiş isə kütlə hesablamalarında qeydə alınıb. İlkin müşahidələrdə Yerin ölçüsündən 5,3 dəfə böyük olduğu ehtimal edilən kütlə inkişaf etmiş texnoloji cihazlarla aparılan həssas ölçmələr sayəsində 2,3 dəfə olaraq yenidən dəqiqləşdirilib.
Astronomiyada Yer kütləsininin 5 qatı və ondan çox olması planetlərin daha çox Neptuna bənzər qaz nəhənglərinə çevrilmə sərhədini təşkil edir. Kütlənin 2,3 səviyyəsinə enməsi planetin qaz buludlarından ibarət olmadığını və eynilə Yer kimi üzərində gəzilə biləcək qayalıq bir səthə malik olma ehtimalını demək olar ki, qətiləşdirib.
Lakin bu məlumatlar planetin qəti şəkildə yaşana bilən olduğu mənasına gəlmir. Bir planetin öz səthində maye halında su saxlaya bilməsi üçün cazibə qüvvəsi ilə yanaşı, onu qoruyacaq bir atmosferə də ehtiyacı var. "GJ 3378b"-nin bir atmosferə malik olub-olmadığı isə hələlik bilinmir.
Planetin orbitində döndüyü cırtdan ulduzlar Günəşlə müqayisədə çox daha hərəkətli olduqları və tez-tez güclü partlayışlar etdikləri üçün yaxınlıqdakı planetlərin atmosferini zamanla yox edə bilirlər.
Yenə də əldə edilən son tapıntılar bu yeni dünyanı gələcəkdə teleskoplarla aparılacaq həyat axtarışlarının ən prioritet hədəflərindən birinə çevirib.


