İş adamı safari zamanı aslan hücumu nəticəsində öldü

Namibiyada səhra aslanlarını qorumaq üçün böyük məbləğdə vəsait sərf edən bir iş adamı tualetə getmək üçün kamp çadırından çıxarkən aslan hücumuna məruz qalıb və ölüb.
Namibiyada təbiəti qoruma fəaliyyətləri ilə tanınan iş adamı Bernd Kebbel safari zamanı bir dişi aslanın hücumu nəticəsində ölüb. Hadisə ölkənin şimal-qərbində yerləşən Kunene bölgəsində baş verib.
59 yaşlı Kebbel həyat yoldaşı Conny Kebbel və dostları ilə birlikdə Skeleton Sahili yaxınlığındakı Hoanib düşərgəsinin ətrafında kamp edirdi. Gecə saatlarında avtomobilinin üstündə qurulmuş çadırda yatan həyat yoldaşını qoyub tualet ehtiyacı üçün çölə çıxan Kebbel həmin an bir dişi aslanın hücumuna məruz qalıb.
Turizm Nazirliyi və polis tərəfindən hadisə yerində toplanan məlumatlara görə, Kebbelin boynundan aldığı dişləmə yarası onun ölümünə səbəb olub.
Namibiyanın Ətraf Mühit, Meşə və Turizm Nazirliyinin sözçüsü Ndeshipanda Hamunyela yerli mediaya açıqlamasında “Təəssüf ki, cənab Kebbelin həyatını itirdiyini təsdiqləyə bilərik,” – deyə bildirib.
Polis sözçüsü İmmanuel İiduva isə hadisə ilə bağlı “insan vəhşi təbiət qarşıdurması” başlığı altında rəsmi istintaq başladıldığını açıqlayıb. İiduva “Digər düşərgəçilər aslanı uzaqlaşdırmaq üçün cəsarətlə müdaxilə etsələr də, Kebbelin boynundan aldığı ölümcül yara səbəbilə onu xilas etmək mümkün olmayıb”
deyib.