Keniyada aslanın hücumuna məruz qalan 14 yaşlı qız ölüb

Keniyanın paytaxtı Nayrobi yaxınlığında aslanın hücumuna məruz qalan 14 yaşlı qız ölüb.
Keniya Vəhşi Təbiət Xidmətinin (KWS) verdiyi açıqlamaya görə, hadisə Nayrobi Milli Parkının düz yanındakı fermada baş verib.
Başqa bir azyaşlı uşaq bunu görüb səlahiyyətliləri xəbərdar etdikdən sonra KWS qrupları hərəkətə keçib və Mbagathi çayının sahilində qızın cəsədi tapılıb.
KWS aqressiv aslanın hələ tapılmadığını, lakin tələ qurulduğunu və əraziyə axtarış qruplarının göndərildiyini bildirib. Qurum oxşar hadisələrin baş verməməsi üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü də açıqlayıb.
Şəhər mərkəzindən cəmi 10 kilometr aralıda yerləşən Nayrobi Milli Parkı şir, camış, zürafə, bəbir və çita kimi bir çox vəhşi heyvana ev sahibliyi edir. Park üç tərəfdən hasarlansa da, heyvanların köç etməsi üçün cənub hissəsi açıq saxlanılır.
KWS eyni gündə daha bir faciəli hadisənin baş verdiyini açıqlayıb. Nayrobidən təxminən 130 kilometr şimalda yerləşən Nyeridə 54 yaşlı kişi filin hücumundan sonra ölüb.
Meşədə otlayan filin hücumuna məruz qalan kişinin qabırğası sınıb, daxili orqanları zədələnib. Kişi xəstəxanaya çatdırılsa da, edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.