Dünyanın 3 aparıcı Mərkəzi Bankı faiz qərarını açıqlayacaq



Yaxın Şərqdə davam edən geosiyasi gərginlik qlobal inflyasiya və iqtisadi artım perspektivlərinə mənfi təsir göstərdiyi bir vaxtda bu həftə dünyanın aparıcı mərkəzi banklarının açıqlayacağı pul siyasəti qərarları investorların əsas diqqət mərkəzinə çevrilib.

AFN.az xəbər verir ki, ABŞ ilə İran arasında davam edən gərginliyin enerji qiymətləri vasitəsilə inflyasiya təzyiqlərini artıra biləcəyi, eyni zamanda ABŞ administrasiyasının tətbiq etdiyi gömrük tariflərinin qiymət artımlarını sürətləndirə biləcəyi ilə bağlı narahatlıqlar mərkəzi bankların bu həftə verəcəyi mesajların əhəmiyyətini daha da artırır.

Yaxın Şərqdə yenidən artan gərginlik səbəbindən ötən həftə neftin qiymətinin 100 dolları keçməsi qlobal inflyasiya risklərini yüksəldib və mərkəzi bankların pul siyasətində manevr imkanlarını məhdudlaşdırıb. Enerji xərclərinin artmasının inflyasiya ilə mübarizəni çətinləşdirəcəyi qiymətləndirilir və pul tənzimləyicilərinin qiymət sabitliyini prioritet saxlayan mövqelərini qoruyacağı gözlənilir.

Xüsusilə inflyasiya perspektivi, enerji qiymətlərinin pul siyasətinə təsiri və faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı veriləcək siqnalların qlobal maliyyə bazarlarında əsas istiqamətverici amillərdən biri olacağı proqnozlaşdırılır.

Bu çərçivədə investorların diqqəti bu həftə ABŞ Federal Ehtiyat Sistemi (Fed), Yaponiya Mərkəzi Bankı (BoJ)İngiltərə Bankının (BoE) açıqlayacağı pul siyasəti qərarlarına yönəlib. Qərar mətnləri və mərkəzi bank rəhbərlərinin çıxışlarının ilin qalan hissəsi üçün faiz gözləntilərinə təsir göstərəcəyi gözlənilir.

Fed-in mesajları qlobal bazarlar üçün həlledici olacaq. Qlobal maliyyə sistemində əsas rol oynayan Fed-in çərşənbə günü açıqlayacağı qərar bazarların ən mühüm gündəm mövzusu hesab olunur.

Pul bazarlarındakı qiymətləndirmələrə görə, Fed-in bu iclasda uçot dərəcəsini 66 faiz ehtimalla dəyişməz saxlayacağı gözlənilir. Bununla yanaşı, ilin sonunadək ən azı bir dəfə faiz artımına gedə biləcəyi ilə bağlı gözləntilər də qüvvədə qalır. Neft qiymətlərindəki yüksəlişin inflyasiya risklərini artırması bu ehtimalları gücləndirən əsas amillərdən biridir.

Qərardan sonra Fed sədri Kevin Uorşun verəcəyi açıqlamalar bazarlar üçün xüsusi əhəmiyyət daşıyacaq. İnvestorlar Uorşun çıxışlarında sentyabr, oktyabr və dekabr iclaslarında atıla biləcək addımlara dair siqnallar axtaracaqlar.

Uorş FED sədri kimi keçirdiyi ilk mətbuat konfransında gələcək qərarlarla bağlı konkret istiqamətləndirmədən yayınsa da, çıxışında dəfələrlə "qiymət sabitliyi" ifadəsini işlədib. O bildirib ki, qiymət sabitliyi hədəfimizə nail olmaq üçün həm imkanımız, həm də qətiyyətimiz var və edəcəyimiz də məhz budur.

Avropada diqqətlər İngiltərə Bankına yönəlib. Ötən həftə Avropa Mərkəzi Bankı (ECB) bazar gözləntilərinə uyğun olaraq üç əsas faiz dərəcəsini dəyişməz saxlayıb.

Qərardan sonra ECB Prezidenti Kristine Laqard Yaxın Şərqdəki müharibənin yaratdığı enerji şokunun inflyasiyaya tam təsirlərinin hələ tam üzə çıxmadığını bildirib.

Laqard qeyd edib ki, əvvəlcədən müəyyən edilmiş faiz trayektoriyası yoxdur və qərarlar daxil olan iqtisadi və maliyyə göstəricilərinə, inflyasiya perspektivinə, risklərə, baza inflyasiya dinamikasına və pul siyasətinin iqtisadiyyata ötürülmə mexanizminə əsasən veriləcək.

ECB-nin qərarından sonra diqqətlər cümə axşamı faiz qərarını açıqlayacaq İngiltərə Bankına (BoE) yönəlib. Pul bazarlarında BoE-nin faiz dərəcəsini dəyişməyəcəyi demək olar ki, qəti hesab edilir. Bununla yanaşı, bazar iştirakçıları ilin sonuna qədər bankın bir dəfə faiz artırımına gedəcəyini proqnozlaşdırırlar.

Bu arada Böyük Britaniyada yeni Baş nazir Endi Börnhem vəzifəsinin icrasına başlayıb. Börnhem dövlətin iqtisadiyyatda rolunu gücləndirən yeni model əsasında iqtisadi artımı təmin etməyi hədəfləyir. O, iqtisadi qərarvermə səlahiyyətlərinin regionlara verilməsini, ölkənin yenidən sənayeləşdirilməsini və dövlət siyasətinin yerli istehsalı dəstəkləməsini prioritet hesab edir.

Asiyada diqqət Yaponiya Mərkəzi Bankının qərarındadır. Yaxın Şərqdəki hadisələrin dolayı təsirləri Asiya iqtisadiyyatlarında da hiss olunur. Yaponiyada inflyasiya təzyiqlərinin davam etməsi ölkədə faiz siyasəti ilə bağlı sərt gözləntilərin qorunmasına səbəb olur.

Yaponiyada illik inflyasiya iyun ayında 1,7 faizə yüksələrək son altı ayın ən yüksək səviyyəsinə çatıb. Baza inflyasiyasındakı artım enerji xərclərinin iqtisadiyyatın digər sahələrinə də təsir etməyə davam etdiyini göstərir.

İyun iclasında uçot dərəcəsini 1 faizə qaldıraraq son 31 ilin ən yüksək səviyyəsinə çatdıran BoJ-un cümə günü keçiriləcək iclasında ehtiyatlı mövqe sərgiləyəcəyi gözlənilir. Pul bazarlarında ilin sonuna qədər daha bir faiz artımı ehtimalı qiymətləndirilir.

Digər tərəfdən, dolların yen qarşısında son 40 ilin ən yüksək səviyyələrində qalması Yaponiya iqtisadi rəhbərliyi üçün qərar qəbulunu çətinləşdirir. Ötən həftə dollar/yen məzənnəsinin 164 səviyyəsinə yaxınlaşması hökumətin valyuta bazarına müdaxilə ehtimalını gündəmdə saxlayır.

Analitiklər hesab edirlər ki, bu həftə qlobal mərkəzi bankların açıqlayacağı qərarlar və rəhbərlərinin çıxışlarında istifadə olunacaq ritorika dünya maliyyə bazarlarının gələcək istiqamətinin müəyyənləşməsində həlledici rol oynayacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu