APEPEA yüksək nəticə ilə baytarlığı seçən tələbəyə təqaüd ayırıb


Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) qəbul imtahanında 617 bal toplayaraq gələcək peşəsi kimi baytarlığı seçən Xaliq Zeynallıya dəstək göstərib.

Xaliq Zeynallı ilə keçirilən görüşdə APEPEA-nın İdarə Heyətinin sədri Mürvət Həsənli də iştirak edib. O, gəncin yüksək nəticə göstərərək şüurlu şəkildə baytarlıq ixtisasını seçməsini təqdirəlayiq addım kimi qiymətləndirib, aqrar sektorun inkişafında peşəkar baytar mütəxəssislərin rolundan danışıb.

Görüş zamanı Mürvət Həsənli APEPEA adından Xaliq Zeynallıya təhsilinə və gələcək peşəkar inkişafına dəstək məqsədilə aylıq 300 manat məbləğində təqaüd ayrıldığını bildirib və tələbəyə təqaüd sertifikatı təqdim edib.

Mürvət Həsənli bildirib ki, yüksək nəticə göstərən gənclərin baytarlıq və ümumilikdə aqrar ixtisaslara maraq göstərməsi sektorun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır:

“Xaliqin 617 bal toplayaraq məhz baytarlıq ixtisasını seçməsi sevindirici nümunədir. Bu sahənin inkişafı üçün savadlı, peşəkar və motivasiyalı gənclərə ehtiyac var. APEPEA olaraq belə gənclərin yanında olmağı və onların peşəkar inkişafına dəstək göstərməyi vacib hesab edirik”.

APEPEA sədri qeyd edib ki, baytarlıq yalnız heyvan sağlamlığının qorunması deyil, eyni zamanda heyvandarlığın inkişafı, məhsuldarlığın yüksəldilməsi və qida təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyan sahədir.

Assosiasiya gələcəkdə də baytarlıq sahəsinə marağın artırılması, gənc mütəxəssislərin inkişafının təşviqi və sektorla təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin məzunu Xaliq Zeynallı Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında 617 bal toplayaraq Xəzər Universitetində Baytarlıq ixtisasını seçib. Onun yüksək nəticə ilə məhz bu ixtisasa üstünlük verməsi ictimaiyyətdə geniş maraq doğurub.

Görüşdə, həmçinin “Agro Dairy” şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov, Xəzər Universitetinin rektoru Dr. Razia İsaeva və digər nümayəndələr iştirak ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu