Almaniyanın hərbi gücünü artırması Avropanı narahat edir - media
Almaniyanın hərbi imkanlarını sürətlə artırması bəzi Avropa ölkələrində narahatlığa səbəb olub.
AFN.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Berlinin müdafiə xərclərini kəskin artırması Avropadakı güc balansının dəyişə biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Qəzet yazır ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp və digər Qərb liderləri iqtisadi baxımdan Avropanın aparıcı ölkələrindən biri olan Almaniyanı müdafiəyə daha çox vəsait ayırmağa çağırırdılar. Almaniya kansleri Fridrix Mertsin hakimiyyətə gəlməsindən sonra isə Berlin növbəti onillikdə müdafiə sahəsinə 500 milyard dollardan çox vəsait ayırıb.
Qəzetin yazdığına görə, bunun fonunda bəzi Avropa rəsmiləri Almaniyanın hərbi gücünün artmasının qitədə qüvvələr nisbətinə təsir göstərə biləcəyindən narahatdırlar.
Nəşr bu vəziyyəti XIX əsrdə Avropa dövlətləri arasında müzakirə olunan “Almaniya məsələsi” ilə əlaqələndirir. Həmin dövrdə əsas suallardan biri birləşmiş Almaniyanın sülh üçün təhlükə yaratmadan nə qədər güclənə biləcəyi ilə bağlı idi.
Polşa Beynəlxalq Münasibətlər İnstitutunun analitiki Lukaş Yasinşki WSJ-yə bildirib ki, Almaniyanın hərbi gücünün artması Avropanın qonşularına, Aİ-yə və transatlantik münasibətlərə təsir edəcək. Onun sözlərinə görə, Almaniya Avropanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır, lakin onun hərbi gücü Avropa üçün həddən artıq böyük olmamalıdır.
Qəzet qeyd edir ki, Polşada Almaniyada sağçı qüvvələrin hakimiyyətə gəlməsi halında Berlinin qonşu ölkələrə qarşı əvvəlki ərazi iddialarının yenidən gündəmə gələ biləcəyindən ehtiyat edənlər var. Fransada isə Almaniyanın Avropanın aparıcı hərbi-sənaye gücü mövqeyində ölkəni geridə qoya biləcəyi ilə bağlı narahatlıqların olduğu bildirilir.
WSJ-nin məlumatına görə, Almaniya son dövrlərdə müdafiə məsələlərində bəzi Avropa müttəfiqləri ilə əməkdaşlığı da azaldıb. Berlin Fransa və Niderlandla milyardlarla avro dəyərində bir sıra layihələrdən çıxıb.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına əsasən, Almaniyanın 2025-ci il hərbi xərclərinin təxminən üçdə ikisi ölkə şirkətlərinə yönəlib. Vəsaitin təxminən 30 faizi əsasən ABŞ istehsalı sistemlərin Almaniyada istehsalına, 10 faizə yaxını isə Avropadan kənar layihələrə sərf olunub. Avropadakı digər müttəfiqlərin payına isə cüzi məbləğ düşüb.
Nəşr bir avropalı diplomatın fikirlərinə də yer verib. Diplomat bildirib ki, Ukraynada münaqişə başlayandan sonra Berlin Almaniya üçün yaxşı olanın avtomatik olaraq Avropa üçün də yaxşı olduğunu düşünməyə çox vaxt meylli olub.
Bununla yanaşı, NATO-nun keçmiş baş katibinin müavini Kamill Qran Almaniyanın silahlanması ilə bağlı bəzi narahatlıqların şişirdildiyini deyib. Onun sözlərinə görə, Berlin uzun müddət müdafiə xərclərini kifayət qədər artırmayıb və hazırkı hərbi güclənmə müəyyən mənada bu geriliyin aradan qaldırılması cəhdidir.

