Merz: Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi vacibdir
Almaniya kansleri Fridrix Merz Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini bəyan edib. Eyni zamanda o, Almaniyanın, Avropa İttifaqının (Aİ) və NATO-nun heç kəs üçün təhlükə olmadığını bildirib.
“Bu gün Avropa Komissiyası birgə müdafiə qabiliyyətlərimizi sistematik şəkildə gücləndirməyə yönəlmiş 2030-cu ilə qədər yol xəritəsini təqdim edəcək. Biz bu yol xəritəsini gələn həftə Avropa Şurasında müzakirə edəcəyik. Aydındır ki, avropalılar öz müdafiə qabiliyyətləri üçün daha çox məsuliyyət daşımalıdırlar”, - deyə Merz 23-24 oktyabr tarixlərində keçiriləcək Aİ sammitinin gündəliyi ilə bağlı Bundestaqdakı çıxışında bildirib.
Onun sözlərinə görə, Avropa öz hərəkətlərini daha yaxından əlaqələndirməli, daha qətiyyətli və tez hərəkət etməlidir. “Biz özümüzü avropalı şəkildə müdafiə etmək istəyirik, ona görə də biz də özümüzü avropalı şəkildə silahlandırmalıyıq. Avropa Müdafiə Agentliyi bizim işimizdə mərkəzi rol oynayır. NATO ümumi Avro-Atlantik təhlükəsizliyin bünövrəsidir və elə də qalacaq. Biz NATO-nun Avropa sütununu daha da gücləndirmək istəyirik. Eyni zamanda, biz təkrarlamadan qaçmaq istəyirik”, - deyə kansler əlavə edib.
Merz qeyd edib ki, Aİ-yə üzv olan hər bir ölkə Avropanın güclənməsinə töhfə verməlidir. Onun sözlərinə görə, Almaniya hökuməti hibrid təhlükələrə qarşı fəaliyyət planı hazırlayır: “Yeni yaradılmış Milli Təhlükəsizlik Şurası hibrid təhdidlərə qarşı mübarizə üzrə kompleks fəaliyyət planı hazırlayır və bu plan bir neçə gündən sonra özünün ilk iclasında müzakirə olunacaq”.
