Almaniya kansleri: Ölkə artıq sülh vəziyyətində deyil
Almaniya kansleri Fridrix Merz bildirib ki, ölkə artıq sülh vəziyyətində deyil.
AFN.az xəbər verir ki, Merz bunu "Rheinische Post" qəzetinin təşkil etdiyi tədbirdə deyib. O, qeyd edib: "Biz müharibə vəziyyətində deyilik, amma artıq sülh içində də yaşamırıq. Biz tamamilə fərqli bir dünyada yaşayırıq”.
Kansler həmçinin naməlum pilotsuz uçuş aparatları (PUA) ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, son günlər Danimarka və Şlezviq-Holşteyn üzərində qeydə alınan dron uçuşları ciddi həyəcan doğurur. “Onların haradan gəldiyini hələ də dəqiq bilmirik. Ən yaxşısı bu dronların Avropa hava məkanına daxil olmasının qarşısını almaq olardı”, – deyə Merz əlavə edib.
"Bild" qəzetinin məlumatına görə isə Almaniya hökuməti naməlum dronlarla mübarizə üçün gizli plan hazırlayır. Planın mərkəzində Bundesverin (Almaniya Silahlı Qüvvələri) insanların həyatına təhlükə yaranarsa və ya kritik infrastruktur risk altındadırsa, dronları vurmaq səlahiyyətinin verilməsi olacaq.
