"Gazprom": Avropada qaz anbarları boşalır
Rusiyanın enerji şirkəti "Gazprom" Avropanın təbii qaz anbarlarındakı doluluq səviyyəsinin üçdə birdən aşağı düşdüyü və qışa hazırlıq üçün yığılan bütün qazın istifadə edildiyi barədə xəbərdarlıq edib.
"Gazprom"dan verilən açıqlamada Avropanın anbarlardakı təbii qazı sürətlə tükətdiyi bildirilib. Avropanın ən böyük iqtisadiyyatları olan Almaniya və Fransadakı anbarların doluluq səviyyəsinin Avropa ortalamasından aşağı düşdüyünə diqqət çəkilən açıqlamada, Almaniyadakı anbarların 23%, Fransadakı anbarların isə 23,6% doluluq həddinə qədər gerilədiyi qeyd olunub.
Açıqlamada qışa hazırlıq üçün anbarlara vurulan bütün qazın tükəndiyi barədə məlumat verilib:
"Avropadakı təbii qaz anbarlarında doluluq səviyyəsi üçdə birdən aşağı düşüb. Hazırda əvvəlki illərdə toplanmış ehtiyatlardan qaz çıxarılır".
Ukrayna müharibəsindən əvvəl Avropanın ən böyük təbii qaz tədarükçüsü olan "Gazprom" təxminən 50 il davam edən boru kəməri investisiyaları ilə 2022-ci ilə qədər qitədəki bazar payını 40%-ə qədər yüksəltmişdi.
Sanksiyalar səbəbindən müştərilərini ABŞ, Qətər və Norveç kimi mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçülərinə uduzan "Gazprom", 2024-cü ildə Avropaya təxminən 15 milyar kubmetr təbii qaz göndərib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu həcm 201,7 milyar kubmetr səviyyəsində idi.

