"Qazprom" rəhbəri: Aİ enerji bazarı növbəti tarixi antirekordunu yaşayır
"Qazprom" Fransanın qaz anbarlarında fevral ayı üçün tarixin ən aşağı doluluq səviyyəsini qeydə alıb. Şirkətin rəhbəri Aleksey Miller Fransanın yeraltı qaz anbarlarındakı mövcud vəziyyəti Avropa İttifaqının enerji bazarının növbəti tarixi antirekordu adlandırıb.
AFN.az xəbər verir ki, şirkətin məlumatına görə, fevralın ortalarına olan göstəricilər müşahidə tarixləri boyunca ən minimal həddə enib. "Gas Infrastructure Europe" (GIE) assosiasiyasının məlumatlarına istinad edən "Qazprom" fevralın 11-nə olan vəziyyətə görə Fransada qaz anbarlarının cəmi 25,74 faiz dolu olduğunu bildirib.
“Yanvarın sonlarında bu rəqəm 35-39 faiz civarında olsa da, kəskin soyuqlar və tədarükün azalması ehtiyatların sürətlə tükənməsinə səbəb olub” - deyə şirkət rəhbəri qeyd edib. Miller vurğulayıb ki, Avropanın ən böyük iqtisadiyyatlarından biri olan Fransada ehtiyatların bu dərəcədə azalması qarşıdakı mövsüm üçün qazın yenidən anbarlara vurulması prosesini də çətinləşdirə bilər.
Analoji vəziyyət Almaniyada da müşahidə olunur ki, orada da doluluq səviyyəsi 25,17 faizə düşərək kritik həddi keçib. "Qazprom" rəhbəri bu vəziyyəti Avropanın enerji təhlükəsizliyi üçün "kritik gərginlik" kimi xarakterizə edib.



