İspaniyada şübhəli çantanın partlaması: Bir polis həlak olub



İspaniyanın şimalındakı Asturiya bölgəsinin Oviedo şəhərində bomba zərərsizləşdirmə qrupu şübhəli bel çantasını yaşayış binasından çıxararkən partlayış baş verib. Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha bir polis yaralanıb. 

AFN.az xəbər verir ki, partlayış zamanı yaralanan polis əməkdaşlarından birinin ayağı amputasiya edilib və onun vəziyyəti ağırdır.

Polis mənbələrinin şahid ifadələrinə əsaslanaraq mətbuata verdiyi məlumata görə, Oviedodakı yaşayış binasında yerli vaxtla saat 07:30 radələrində başlayan mübahisə silahlı toqquşmaya çevrilib.

Toqquşma zamanı 17 yaşlı qız yaralanıb. Xəstəxanada müalicəsi davam edən yeniyetmənin həyati təhlükəsinin olmadığı bildirilib.

Hadisədən sonra həmin yaşayış binasında şübhəli bel çantası aşkar edildiyi üçün əraziyə bomba zərərsizləşdirmə qrupu göndərilib.

Əməkdaşlar bina sakinləri üçün yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə çantanı binadan çıxarmaq qərarına gəliblər.

Çanta əməkdaşlar tərəfindən binadan çıxarılan zaman partlayış baş verib. Nəticədə bir polis əməkdaşı həyatını itirib, digər polis isə ayağını itirərək ağır yaralanıb.

Polis zorakılığa meyilli olduğu və əvvəllər məhkum edildiyi bildirilən şübhəlinin hadisə yerindən avtomobillə qaçdığını açıqlayıb. Onun saxlanılması üçün Oviedo və Asturiya bölgəsində giriş-çıxışlarda xüsusi nəzarət məntəqələri yaradılıb.

Polis şübhəlinin silahlı olduğunu və üzərində əlavə partlayıcı maddələr daşıya biləcəyini də bildirib.

Hadisə ilə bağlı araşdırma davam etsə də, hələlik terror hücumu ehtimalının olmadığı qeyd olunub.

Baş nazir Pedro Sançes də X platformasındakı hesabında hadisə ilə bağlı paylaşım edib.

Sançes Oviedoda Milli Polis əməkdaşının həlak olmasından dərin kədər duyduğunu bildirib. O, mərhumun ailəsinə və həmkarlarına başsağlığı verib, ağır yaralanan polis əməkdaşına dəstəyini ifadə edib. Baş nazir polis əməkdaşlarının fədakarlıq və cəsarətinin bütün xalqın minnətdarlığına layiq olduğunu vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu