Rubio İranın Dünya Çempionatından kənarlaşdırılacağı iddialarını təkzib etdi
ABŞ-ın Dövlət katibi Marko Rubio İranın 2026-cı il FİFA Dünya Çempionatından çıxarılıb yerinə İtaliyanın daxil ediləcəyi ilə bağlı iddiaları təkzib edib.
AFN.az xəbər verir ki, Rubio Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın iranlı idmançıların ölkəyə girişini əngəlləməyə yönəlmiş hər hansı bir addım atmadığını bildirərək, turnirdə İranın yerinə İtaliyanın iştirak etməsi ilə bağlı iddiaları rədd edib.
Problemin idmançılarla bağlı olmadığını ifadə edən Rubio, yalnız İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu düşünülən şəxslərin ölkəyə buraxılmaya biləcəyini söyləyib.
ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlamasında idmançıların bu prosesdən təsirlənməsini istəmədiklərini vurğulayıb.
"Financial Times" qəzetinin xəbərinə görə, Trampın xüsusi nümayəndələrindən olan italyan əsilli Paolo Dzampolli ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək 2026-cı il FİFA Dünya Çempionatına İranın əvəzinə, bir müddət əvvəl seçmə mərhələdə turnirlə vidalaşan İtaliyanın dəvət olunmasını təklif etmişdi.
