İtaliya Dünya Çempionatı təklifini rədd etdi: Mümkün və uyğun deyil
İtaliyanın idman naziri Andrea Abodi İtaliyanın 2026-cı il Dünya Çempionatında İranın yerini alması ilə bağlı təklifi "uyğun deyil" deyərək geri çevirib.
AFN.az xəbər verir ki, İtaliyanın bu yay keçiriləcək turnirə son anda daxil ediləcəyi ilə bağlı iddialara qapını bağlayan Abodi futbolun ən böyük səhnəsində ləyaqət prinsipinin əsas olduğunu vurğulayıb.
Ötən ay pley-off mərhələsində Bosniya və Herseqovinaya məğlub olaraq böyük şok yaşayan İtaliya üçün bu təklif Donald Trampın xüsusi elçisi Paolo Zampolli tərəfindən irəli sürülmüşdü.
Zampolli dörd qat dünya çempionu olan İtaliyanın ABŞ və İsrail ilə müharibə vəziyyətində olan İranın yerinə turnirə daxil edilməsini təklif etmiş və İtaliyanın tarixi uğurunun bunu haqlı çıxardığını müdafiə etmişdi.
Lakin nazir Abodi bu təklifin hər şeydən əvvəl mümkün olmadığını, ikinci tərəfdən isə uyğun gəlmədiyini bildirərək, seçmə mərhələlərin meydanda qazanılmalı olduğunu vurğulayıb.
