İranlı hakerlər Britaniyanın elektrik şəbəkəsinə hücum edib



Britaniyada bir elektrik obyektinin İranla əlaqəli kiberhücum səbəbilə dörd gün ərzində fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığı açıqlanıb.

AFN.az xəbər verir ki, ötən ay baş verdiyi bildirilən hadisə İranla əlaqəli hakerlərin Britaniyada bu tip obyekti ilk dəfə uğurla sıradan çıxarması kimi qiymətləndirilib.

Obyektin adı açıqlanmayıb. Təsirlənən yerin kiçikmiqyaslı enerji obyekti olduğu və hadisənin ümumi elektrik şəbəkəsi üçün risk yaratmadığı bildirilib.

Hücumdan sonra hökumət enerji şirkətlərini məlumatlandırıb və müəssisələrə tövsiyə məktubları göndərib. Hadisə Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzinə də bildirilib.

Milli Kiber Təhlükəsizlik Mərkəzinin rəhbəri Riçard Horn Britaniyaya qarşı milli miqyaslı kiberhücumların əksəriyyətinin Çin, İran və Rusiya kimi ölkələr tərəfindən həyata keçirildiyi barədə xəbərdarlıq edib. Horn qurumun hər həftə bu tip təxminən dörd hücumla mübarizə apardığını bildirib.

GCHQ gələcəkdə mümkün hücumların qarşısını almaq məqsədilə süni intellektlə dəstəklənən yeni milli kiberqalxan planı hazırlayıb. Beş il ərzində fəaliyyətə başlaması hədəflənən sistem kritik milli infrastruktura və iri şirkətlərə qarşı təhdidləri aşkarlayacaq.

Hökumət sözçüsü Britaniyanın dayanıqlı enerji sisteminə malik olduğunu bildirərək, hadisənin kiçikmiqyaslı bir generatora təsir etdiyini və ümumi enerji sistemi üçün heç bir mərhələdə risk yaranmadığını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu