Makrondan iğtişaşlara sərt reaksiya: Zorakılıq qəbuledilməzdir



Fransa Prezidenti Emmanuel Makron PSJ-nin Çempionlar Liqasındakı qələbəsindən sonra yaşanan zorakılıq hadisələrini qəbuledilməz adlandırıb.

AFN.az xəbər verir ki, dövlət başçısı hadisələrin məsuliyyətini daşıyan şəxslərə qarşı heç bir güzəştə gedilməyəcəyini bəyan edib.

Fransa Prezidenti UEFA Çempionlar Liqasının finalında qalib gələrək çempionluq qazanan ölkə təmsilçisi "Paris Sen-Jermen" (PSJ) klubunun oyunçularını paytaxt Parisdəki Yelisey sarayında qəbul edib.

Makron burada etdiyi çıxışında dünənki bayram tədbirlərində baş verən hadisələrə toxunaraq, Parisdə və digər şəhərlərdə gecə boyunca qəbuledilməz zorakılıq mənzərələrinin şahidi olduqlarını və buna vərdiş etmək istəmədiyini vurğulayıb.

Ölkə rəhbəri bu təsviredilməz hadisələr qarşısında vəzifə başında olan Fransa daxili işlər naziri Loran Nunyesə, Paris polis rəisi Patris Fora və bütün komandalara təşəkkür edib.

O, "Bu, futbol deyil, idman deyil, bizim sevdiyimiz şey deyil. Saxlanılan hər kəsə qarşı güzəştsiz olacağıq. Artıq bunu görmək istəmirik, bezmişik" deyə fikirlərini ifadə edib.

Fransanın "Le Figaro" qəzetinin yaydığı məlumata görə, PSJ komandasının parad keçirdiyi Parisdəki Mars meydanı yaxınlığında azarkeşlərlə polis arasında toqquşma baş verib və asayiş keşikçiləri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Digər tərəfdən, PSJ-nin UEFA Çempionlar Liqası kubokunu nümayiş etdirməsi gözlənilən "Park de Prens" stadionunun ətrafında da gərginlik pik həddə çatıb.

Bileti olmayan bəzi azarkeşlər stadiona daxil olmaq üçün giriş məntəqələrinə hücum edib, polis isə vəziyyətə müdaxilə edib.

Qeyd edək ki, PSJ mayın 30-da keçirilən UEFA Çempionlar Liqasının finalında İngiltərənin "Arsenal" klubunu məğlub edərək çempion olub.

Fransa daxilində komandanın qələbəsini qeyd etmək üçün vətəndaşlar küçələrə axışsa da, ölkənin 71 şəhərində asayiş pozulub.

Təxminən 15 şəhərdə dükanlar qarət edilib, Parisdə isə polis və azarkeşlər arasında qarşıdurma yaşanıb.

Fransa daxili işlər naziri Loran Nunyes baş verən hadisələr nəticəsində ölkə daxilində 457 nəfərin saxlanıldığını açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu