Malayziyada səhiyyə heyətini daşıyan helikopter qəzaya uğradı: 5 nəfər öldü



Malayziyada səhiyyə heyətini daşıyan helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, Borneo adasındakı Saravak əyalətində yerləşən Lonq Lellanq hava limanı yaxınlığında səhiyyə heyətini daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 1 pilot, 1 həkim, 2 tibb bacısı və 1 səhiyyə işçisi həlak olub.

Malayziya Yanğınsöndürmə və Xilasetmə Departamenti ilə Səhiyyə Nazirliyinin birgə açıqlamasında helikopterdə olan səhiyyə işçilərinin rəsmi vəzifə çərçivəsində uçuş həyata keçirdikləri bildirilib. Qəzaya uğrayan helikopterin çatılması çətin və dağlıq ərazilərdə səhiyyə xidmətləri göstərən “Flying Doctor Service” proqramı çərçivəsində fəaliyyət göstərdiyi, bu xidmət vasitəsilə bölgədəki ucqar yaşayış məntəqələrinə tibbi yardım, dərman və səhiyyə xidmətlərinin çatdırıldığı qeyd edilib.

Malayziya Mülki Aviasiya İdarəsi (CAAM) qəzaya uğrayan helikopterin BO-105 tipli olduğunu və qəza barədə məlumatı yerli vaxtla saat 15:58-də aldıqlarını açıqlayıb.

Qəzanın səbəbinin müəyyənləşdirilməsi məqsədilə Hava Qəzalarının Araşdırılması Bürosu (AAIB) tərəfindən araşdırma başladılıb.

Şahidlər tərəfindən lentə alınan görüntülərdə helikopterin düşməzdən əvvəl tüstüləndiyi görülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu