Argentinada helikopter qəzası: 7 nəfər həlak olub
Argentinanın qərbində yerləşən San Xuan əyalətində helikopterin qəzaya uğraması nəticəsində əyalətin Mülki Müdafiə İdarəsinin rəhbəri və polis rəsmiləri də daxil olmaqla 7 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, San Xuan əyalətinin qubernatoru Marcelo Orreqo X sosial media platformasında paylaşdığı açıqlamada Bell 412 tipli helikopterin San Xuana bağlı İskiqualasto Əyalət Parkı ərazisində hələlik məlum olmayan səbəbdən qəzaya uğradığını bildirib.
Orreqo "Əyalətimizdə baş verən və təəssüf ki, 7 nəfərin həyatını itirdiyi helikopter qəzası xəbərini dərin kədərlə qarşıladıq. Bu ağır gündə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaxınlarını itirən hər kəsin kədərini bölüşürük" deyə qeyd edib.
Qəza nəticəsində həlak olanlar arasında San Xuan Mülki Müdafiə İdarəsinin rəhbəri Karlos Heredia, əyalət polis rəisinin müavini German Videla, həmçinin Yanğınsöndürmə İdarəsində çalışan polis rəisləri Ruben Kastro və Xorxe Karbaxal da var.
Argentinanın milli təhlükəsizlik naziri Alejandra Monteoliva da sosial media hesabında paylaşdığı başsağlığı mesajında San Xuandakı helikopter qəzasında həyatını itirənlərin ailələrinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib.
Argentina Meşə Yanğınları ilə Mübarizə Xidmətinin (AFE) açıqlamasına görə, qəzaya uğrayan helikopter San Xuanda təlim məqsədilə istifadə olunurdu və qonşu La Rioxa əyalətində baş verən meşə yanğınının söndürülməsinə dəstək vermək üçün bölgəyə yollanması planlaşdırılırdı.
Açıqlamada bildirilir ki, helikopterlə son əlaqə yerli vaxtla saat 10:26-da qurulub. Daha sonra ərazidə olan başqa bir hava gəmisi qəzaya uğrayan helikopterin qalıqlarını aşkar edərək bu barədə aidiyyəti qurumlara məlumat verib.

