Qlobal enerji investisiyalarında 3,4 trilyon dollarlıq proqnoz



Qlobal enerji investisiyalarının 2026-cı ilin sonunda ötən illə müqayisədə 5 faiz artaraq 3,4 trilyon dollara çatacağı gözlənilir.

AFN.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "Keçid Gündəliyi 2026 Xüsusi Hesabatı"na əsasən, son illərdə yaşanan geosiyasi gərginliklər, ticarət mübahisələri və enerji bazarları ilə tədarük zəncirlərinə təsir edən fasilələr enerjinin iqtisadi sabitlik və milli təhlükəsizlik baxımından mərkəzi rolunu gücləndirib, həmçinin müxtəlif regionlarda siyasət prioritetlərini və investisiya qərarlarını formalaşdırıb.

Bu çərçivədə qlobal enerji investisiyalarının 2026-cı ilin sonunda 3,4 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Bu məbləğin təxminən 2,2 trilyon dollarının bərpa olunan enerji, nüvə enerjisi, elektrik şəbəkələri, enerjinin saxlanılması sistemləri, aşağı emissiyalı yanacaqlar, enerji səmərəliliyi və elektrikləşdirmə sahələrinə, təxminən 1,2 trilyon dollarının isə neft, təbii qaz və kömür investisiyalarına yönəldilməsi nəzərdə tutulur.

Yalnız elektrik təchizatı və infrastrukturuna yönəlmiş investisiyaların 2026-cı ildə 1,6 trilyon dollara çatması gözlənilsə də, son istehlakda elektrikləşdirmə xərclərinin də daxil edilməsi ilə bu rəqəmin 2 trilyon dollara yüksələcəyi hesablanır.

Təmiz enerji layihələrinin genişlənməsi üçün elektrik şəbəkələri, saxlama sistemləri, infrastruktur və maliyyələşdirmə mexanizmlərinə qoyulan investisiyaların da eyni vaxtda artırılması tələb olunur.

Xüsusilə elektrikləşdirmənin sürətlənməsi ilə elektrik şəbəkələri və saxlama sistemləri enerji keçidinin əsas ünsürlərinə çevrilib.

Gələcək dövrdə investisiyaların daha çox elektrik infrastrukturu və çeviklik təmin edən texnologiyalara yönəlməsi gözlənilir.

Qlobal enerji sistemindəki keçid iqtisadi qeyri-müəyyənliklərə və geosiyasi hadisələrə baxmayaraq sürətlə davam edir.

Qlobal enerji tələbatının artımı 2025-ci ildə 1,3 faiz ilə son 10 ilin ortalamasından aşağı reallaşsa da, aşağı emissiyalı texnologiyaların istifadəsində yeni rekordlar qırılıb.

Bərpa olunan enerji mənbələri və nüvə enerjisi ötən il qlobal enerji tələbatındakı artımın təxminən 60 faizni qarşılayıb.

Günəş enerjisi təkbaşına enerji tələbatı artımının dörddə birindən çoxunu təmin edərək, müasir bərpa olunan mənbələr arasında ilk dəfə ən böyük paya sahib texnologiya olub.

Elektrik tələbatı isə ümumi enerji tələbatından 2 dəfə daha sürətlə böyüyüb.

Qlobal elektrik tələbatı 2025-ci ildə təxminən 3 faiz artarkən, günəş enerjisinin quraşdırılmış gücü təxminən 600 giqavatlıq artımla tarixindəki ən yüksək illik böyüməni qeydə alıb.

Ümumi bərpa olunan enerji gücünün artımı da təxminən 800 giqavatla rekord səviyyəyə çatıb.

Batareya saxlama sistemləri, güc artımının bir ildə təxminən 40 faiz yüksələrək 100 giqavatı ötməsi ilə elektrik sektorunun ən sürətlə böyüyən texnologiyası olub.

Elektrikli avtomobillər, batareyalar, günəş panelləri, külək turbinləri, istilik nasosları və elektrolizatorları əhatə edən əsas təmiz enerji texnologiyaları bazarı 2015-2024-cü illər ərzində illik orta hesabla 20 faiz böyüyüb.

Bazarın 2025-ci ildə təxminən 25 faiz genişlənərək 1,2 trilyon dollara yaxınlaşması və kömür bazarını geridə qoyaraq təbii qaz bazarının miqyasına yaxınlaşması gözlənilir.

Buna baxmayaraq, enerji mənşəli qlobal karbon qazı emissiyaları 2025-ci ildə təxminən 0,4 faiz artaraq yeni bir rekord səviyyəyə çatıb.

Bərpa olunan enerji, nüvə enerjisi, elektrikli nəqliyyat vasitələri və istilik nasoslarının geniş yayılması sayəsində ötən il təxminən 3 giqaton karbon qazı emissiyasının qarşısı alınıb.

Bu miqdar qlobal enerji mənşəli illik emissiyaların təxminən 8 faiznə bərabərdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu