Rusiyanın Qara dəniz sahilləri yaxınlığında tankerdə yanğın baş verib
Rusiyanın Qara dəniz sahilləri yaxınlığında bir tankerdə yanğın baş verib.
AFN.az xəbər verir ki, Qara dəniz yaxınlığındakı Sirius Federal Ərazisinin rəhbəri Dmitri Plişkin yazılı açıqlamasında bölgənin açıqlarında bir tankerdə yanğın baş verdiyini bildirib.
Rusiya Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin yanğının ətraf mühitə təsirlərini izlədiyinə diqqət çəkən Plişkin sakinlərin təhlükəsizliyi üçün Siriusdakı çimərliklərin müvəqqəti olaraq bağlandığını qeyd edib.
Plişkin bölgə sakinlərindən və ziyarətçilərdən uzun müddət açıq havada qalmamalarını və mümkün olduqda pəncərələri açmamalarını istəyib. O, monitorinq nəticələri ilə bağlı mütəmadi məlumat veriləcəyini bildirib.
Plişkin yanğının başvermə səbəbi ilə bağlı ətraflı məlumat verməyib.
Sosial mediada yayılan görüntülərdə tankerdə baş verən yanğın səbəbindən bölgədə qara tüstü buludlarının geniş ərazini əhatə etdiyi görünür.

