Barak Obama: ABŞ prezidenti insan ləyaqətinə hörmət etməlidir
ABŞ-ın keçmiş prezidenti Barak Obama ölkə rəhbərinin insan ləyaqətinə və əxlaqına fundamental səviyyədə hörmət nümayiş etdirməli olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, Obama bu fikirləri "The New Yorker" jurnalına verdiyi müsahibədə ABŞ-ın mövcud siyasətini şərh edərkən səsləndirib.
Müsahibə zamanı Obamadan hazırkı dövlət başçısı Donald Trampın "Bu gecə bütöv bir sivilizasiya yox olacaq" ifadəsinin doğurduğu təsirlər barədə soruşulub. Keçmiş prezident birbaşa ad çəkməkdən yayınsa da, ABŞ liderliyinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə insan onurunu və mənəvi dəyərləri əks etdirməsinin vacibliyini vurğulayıb.
O, təkəbbür və sırf mənfəət güdmək meyillərinə qarşı ehtiyatlı olmağın lazımlığını qeyd edərək, beynəlxalq nizamda yaranan zədələri bərpa etməyin çətin olacağını bildirib. Barak Obama həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun İran məsələsində vaxtilə ona təqdim etdiyi arqumentlərin eynisini indi Trampa təqdim etdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, Donald Tramp aprelin 7-də sosial media hesabından "Bu gecə bütöv bir sivilizasiya yox olacaq... Bunun olmasını istəmirəm, amma yəqin ki, baş verəcək" şəklində qalmaqallı paylaşım etmişdi. Obama bu növ bəyanatların qlobal sabitlik üçün riskli olduğuna işarə edib.


