Aİ liderləri yeni üzvlərə hazırlıq üçün İttifaq daxilində islahatlara çağırıblar
Avropa İttifaqı (Aİ) liderləri genişlənmə prosesində namizəd ölkələrlə yanaşı, İttifaqın özünün də yeni üzvlərin qəbuluna hazır olmalı olduğunu bildirərək daxili islahatların sürətləndirilməsinə çağırıblar.
AFN.az xəbər verir ki, bu məsələ Brüsseldə keçirilən Aİ sammitində müzakirə olunub.
Aİ liderləri sammitin ilk günündə keçirilən iclasların sonunda genişlənmə və islahatlarla bağlı yekun sənədi qəbul ediblər.
Yekun sənəddə genişlənmə və İttifaqın daxili islahatları istiqamətində atılacaq addımlarla bağlı strateji müzakirənin aparıldığı bildirilib.
Genişlənmənin sülh, təhlükəsizlik, sabitlik və rifaha yönəlmiş geostrateji investisiya olaraq qalmasının vacibliyi vurğulanan sənəddə bu prosesin Avropa vətəndaşlarının iqtisadi və sosial şəraitinin yaxşılaşdırılmasına, ölkələr arasındakı fərqlərin azaldılmasına və İttifaqın fundamental dəyərlərinin möhkəmləndirilməsinə töhfə verməli olduğu qeyd edilib.
Sənəddə daha çox üzvü olan İttifaq perspektivi nəzərə alınaraq həm gələcək üzv ölkələrin, həm də Aİ-nin üzvlük baş tutan zaman buna hazır olmalı olduğu bildirilib.
Sənəddə üzvlüyə can atan ölkələrin Aİ-nin dəstəyi ilə və üzvlük prosesinin namizədlərin nailiyyətlərinə əsaslanan xarakterinə uyğun olaraq, xüsusilə hüququn aliliyi sahəsində islahat səylərini davam etdirməli olduğu vurğulanıb.
Üzvlük prosesinin namizədlərin fərdi nailiyyətlərinə əsaslandığı bir daha qeyd edilən sənəddə hər bir namizəd ölkənin danışıqlarda öz irəliləyişinə uyğun olaraq yol aldığı bildirilib.
Yekun sənəddə Aİ-nin də daxili fəaliyyətini və islahatlarını inkişaf etdirməli, uzunmüddətli məqsədlərini və həmin məqsədlərə çatmaq yollarını müəyyənləşdirməli olduğu qeyd edilib.
Sənəddə üzvlüyə ən yaxın namizəd ölkə hesab edilən Monteneqro ilə üzvlük müqaviləsinin hazırlanmasına dair davam edən işlərin məmnuniyyətlə qarşılandığı bildirilib.

