Yaponiyada ikinci paytaxt salınacaq
Yaponiyada parlamentin aşağı palatası olan Nümayəndələr Palatası fəlakətlər və fövqəladə hallarda Tokionun əsas funksiyalarını icra edə biləcək ikinci paytaxtın salınmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
AFN.az xəbər verir ki, "Kyodo News"un yaydığı məlumata görə, Yaponiyanın Nümayəndələr Palatasında qəbul edilən bu layihə ehtiyat paytaxtın yaradılmasını hədəfləyir.
Hakim Liberal Demokrat Partiyası (LDP) və koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyası (JIP) tərəfindən təqdim olunan layihə Baş nazirə əhali sayı və iqtisadi miqyas kimi amilləri nəzərə alaraq prefekturalardan gələn müraciətlər arasından ehtiyat paytaxt zonasını müəyyənləşdirmək səlahiyyəti verəcək.
Hakim partiyalar namizəd bölgələrin Tokio ilə eyni təbii fəlakət risklərini daşımamasının vacibliyini vurğulayırlar.
LDP və JIP cari qanunvericilik dövrü başa çatmadan layihənin Müşavirlər Palatasında da qəbul edilərək qüvvəyə minməsini planlaşdırır.


