Rusiya Ukraynada hərbi obyektlərə və gəmiyə zərbələr endirdiyini açıqladı
Rusiya Müdafiə Nazirliyi Ukraynada gəmi, hərbi sənaye müəssisəsi, logistika mərkəzləri və anbarların vurulduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya ordusunun Ukraynadakı hədəflərə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi qeyd olunub. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Kiyev və Odessa istiqamətlərində hərbi təyinatlı logistika və istehsal obyektləri, həmçinin hərbi yük daşıyan gəmi hədəfə alınıb.
Açıqlamaya əsasən, Kiyev şəhəri və Kiyev vilayətində pilotsuz uçuş aparatlarının istehsalı üçün materialların saxlandığı anbar və pilotsuz aparatların komponentlərini istehsal edən Tukan adlı hərbi sənaye müəssisəsi vurulub.
Odessa şəhərində hərbi və ikili təyinatlı yüklərin saxlanması və paylanması üçün istifadə olunan üç logistika mərkəzinin, Odessa vilayətinin Mirnoye yaşayış məntəqəsində isə pilotsuz uçuş aparatlarının komponentlərinin saxlandığı anbarın hədəfə alındığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi həmçinin Qara dənizdə Odessa limanına hərbi təyinatlı yük daşıyan quru yük gəmisinin vurulduğunu açıqlayıb.

