Rusiya Ukraynanın hərbi sənaye obyektlərinə hücumlar həyata keçirib
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi sənaye obyektlərinə dəniz və havadan uzaq mənzilli, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə hücum edildiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı fəaliyyəti ilə bağlı məlumat verilib.
Rusiya hərbi qüvvələrinin Ukraynada hücumlarını davam etdirdiyi vurğulanan açıqlamada bildirilir ki, səhər saatlarında Ukraynada artilleriya və pilotsuz uçuş aparatları (PUA) istehsal edən hərbi sənaye obyektlərinə dənizdən və havadan uzaq mənzilli, yüksək dəqiqliyə malik silah, o cümlədən hipersəsli “Kinjal” raket sistemi atılıb. "PUA-larla qrup hücumu həyata keçirildi və hədəfə çatıldı. Müəyyən edilmiş bütün elementlər vuruldu" - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, hərbi əməliyyatın başladığı gündən bu yana 567 təyyarə, 265 helikopter, 10 min 641 İHA, 448 hava hücumundan müdafiə raket sistemi, 14 min 588 tank və zirehli texnika, 1202 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 7 min 704 haubitsa və Ukrayna ordusuna məxsus minaatan və 17 raket, 1376 xüsusi təyinatlı hərbi maşın məhv edilib.