Qrenlandiyada dərin dəniz mədənçiliyinə müvəqqəti qadağa qoyula bilər
Qrenlandiya Parlamenti adada dərin dəniz mədənçiliyini müvəqqəti qadağan edən qanun layihəsini yekdilliklə qəbul edərək hökuməti bu istiqamətdə addım atmağa çağırıb.
AFN.az xəbər verir ki, layihə dərin dəniz mədənçiliyinin 2029-cu ilin dekabrınadək qadağan olunmasını nəzərdə tutur.
Qrenlandiya mediasının parlamentin yazılı açıqlamasına istinadən yaydığı xəbərlərə görə, parlament adada dərin dəniz mədənçiliyinə müvəqqəti qadağa qoyulmasını nəzərdə tutan layihəni səsverməyə çıxarıb.
Parlament dərin dəniz mədənçiliyinin 2029-cu ilin dekabr ayınadək qadağan edilməsini nəzərdə tutan layihəni yekdilliklə qəbul edib.
Layihənin Qrenlandiya hökuməti tərəfindən qanunvericilik aktına çevrilməsi tələb olunur. Bu çərçivədə hökumətə 2027-ci ildə müvafiq addımlar atmaq çağırışı edilib.
Qanun qüvvəyə minəcəyi təqdirdə, Qrenlandiya əhalisinin əsas dolanışıq mənbələrindən biri olan balıqçılıq qoruna bilər. Qadağanın müddəti hər dəfə iki il olmaqla uzadıla bilər.
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qrenlandiya nümayəndəliyi də parlamentdə qəbul edilən qərarın təbiətin qorunması baxımından əhəmiyyətli olduğunu bildirib. Nümayəndəlik dərin dəniz mədənçiliyinin ekosistemə və bioloji müxtəlifliyə zərər verə biləcəyi barədə xəbərdarlıq edib.
Qrenlandiya Parlamentində səsvermənin ABŞ Prezidenti Donald Trampın adada neft, təbii qaz və faydalı qazıntıların axtarışı üzrə fəaliyyətlərin başlanmaq üzrə olduğunu açıqlamasından sonra keçirilməsi diqqət çəkib.

