Dövlət qulluqçuları və hərbçilərin pensiyasına dəyişikliklər qəbul edilib



Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların və səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsini, vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. 

AFN.az xəbər verir ki, qanun layihəsi parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Söhbət Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə, Əmək pensiyaları haqqında, Hərbi qulluqçuların statusu haqqında, Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə və Hərbi vəzifə və hərbi xidmət haqqında qanunlarda dəyişiklik edilməsi barədə 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli qanunla, eləcə də Diplomatik xidmət haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən gedir.

Sənəddə vurğulanıb ki, Azərbaycanda əmək pensiyaları sistemi sığorta prinsipləri, yəni şəxsin topladığı pensiya kapitalı əsasında pensiya məbləğinin formalaşması mexanizmi ilə fəaliyyət göstərir. Bu məqsədlə son 20 ildə mərhələli şəkildə əvvəlcə pensiya təminatının, sonra isə pensiyaların artırılmasının şəxsin əməkhaqqı ilə əlaqəsi ləğv edilib. Pensiya məbləğinin toplanmış pensiya kapitalı əsasında müəyyən edilməsinə, pensiyaların artırılmasının isə vahid indeksasiya metodu əsasında həyata keçirilməsinə başlanılıb.

Bu yanaşmanın tətbiqi pensiyaçıların sosial rifahının güclənməsinə səbəb olub, minimum və orta pensiya məbləğlərinin mütəmadi artırılması üçün təminat yaradıb, həmçinin Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığının möhkəmlənməsinə müsbət təsir göstərib.

Bununla belə, əmək pensiyaları sistemində sosial sığorta prinsiplərinə əsaslanmayan, pensiyaya çıxarkən əməkhaqqı ilə əlaqələndirilən ödənişlər qalır. Bu, dövlət sektorunda əməkhaqqı islahatlarının həyata keçirilməsinə maneələr yaradır və pensiya məbləğləri arasında qeyri-bərabərliyə səbəb olur.

Bu baxımdan sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır. Növbəti mərhələdə dövlət sektorunda əməkhaqqı islahatları ilə yanaşı, dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların və səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi, vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, dövlət qulluqçularının pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklər onların pensiya məbləğinin fərdi şəxsi hesablarında topladıqları pensiya kapitalına deyil, əməkhaqqındakı sonrakı artımlara əsaslanması ilə bağlı mövcud vəziyyətin dəyişdirilməsini nəzərdə tutur. Bu isə toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləğinin formalaşmasına səbəb olur.

Hesablamalar göstərir ki, əməkhaqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir.

Təklif olunan yeni yanaşmaya əsasən, pensiya məbləği ilə dövlət məvacibi, yəni əməkhaqqı arasındakı əlaqə aradan qaldırılacaq və pensiya fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsasında formalaşacaq. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən ümumi əsaslarla pensiya təyin edilərək ödənilməsi davam etdiriləcək. Bununla yanaşı, mövcud qanunvericilikdə nəzərdə tutulan qulluq stajına görə əmək pensiyası əlavəsinin əvəzinə aylıq pensiya əlavəsi veriləcək.

Dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə, səlahiyyət müddətinə görə pensiya alan şəxslərə isə tutduqları konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək.

Təklif olunan islahatla dövlət qulluqçularının pensiya təminatındakı qeyri-bərabərliyin aradan qaldırılması nəzərdə tutulur. Həmçinin pensiya və pensiya əlavəsinin proaktiv təyinatı mümkün olacaq. Beləliklə, həmin şəxslərə inzibati orqanlara müraciət etmədən elektron qaydada pensiya təyin ediləcək.

Sənəddə Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklər də izah edilib.

Hazırda hərbi qulluqçular sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxırlar. Dövlət qulluqçularında olduğu kimi, hərbi qulluqçuların pensiya məbləğinin təminat xərcliyindən asılı olması pul təminatının artırılması zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləğinin formalaşmasına səbəb olur. Bu mexanizm həmçinin hərbi qulluqçuları xidmətdə daha uzun müddət qalmağa deyil, pensiyaya çıxmağa təşviq edir.

Təklif olunan yeni yanaşmaya əsasən, pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qaldırılacaq və pensiya fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsasında formalaşacaq. Sığorta mexanizmi gücləndirilməklə hərbi qulluqçulara fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.

Eyni zamanda, pensiya məbləği ilə yanaşı, mövcud qanunvericilikdə nəzərdə tutulan qulluq stajına görə əmək pensiyası əlavəsinin əvəzinə sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Bu əlavənin məbləği hərbi rütbələr üzrə müəyyənləşdiriləcək.

Layihədə əmək pensiyalarının və pensiya kapitallarının indeksləşdirilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər də yer alıb.

Hazırda təyin olunmuş əmək pensiyaları məbləğindən asılı olmayaraq, hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq eyni qaydada indeksləşdirilir. Sığortaolunanların fərdi şəxsi hesablarında qeydə alınan pensiya kapitalları isə ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Mövcud mexanizm yüksək pensiya alan şəxslərin pensiya məbləğlərinin daha sürətlə artmasına səbəb olur. Buna görə də əmək pensiyalarının və pensiya kapitallarının vahid rəqəmlə deyil, diferensial qaydada indeksləşdirilməsi təklif edilir.

İslahat nəticəsində yüksək pensiyalara və yüksək pensiya kapitallarına fərqli yanaşılacaq, aşağı məbləğli pensiyalar və pensiya kapitalları isə əvvəlki kimi tam məbləğdə indeksləşdiriləcək.

Sənəddə qeyd olunub ki, dəyişikliklər Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını daha da gücləndirəcək, aşağı məbləğli pensiyaların artırılmasına, o cümlədən minimum pensiya məbləğlərinə mütəmadi yenidən baxılmasına və onların artırılmasına imkan yaradacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu