Meksikada təhlükəli amöb aşkarlanıb: Altı süni göl bağlanıb



Meksikalı rəsmilər son dərəcə təhlükəli Naegleria fowleri amöbünün aşkarlanmasından sonra ölkənin turistik bölgələrindən birində altı süni gölü bağlayıblar. 

AFN.az xəbər verir ki, bu qərar sentyabr ayında amöblə yoluxmuş su xizəyi təlimçisinin ölümündən sonra qəbul edilib.

Yukatan ştatının Səhiyyə Xidməti hadisədən sonra bölgədəki doqquz göldən altısının suyunu müayinəyə cəlb edib.

Bildirilir ki, sözügedən göllər istirahət məqsədilə salınıb və turistlər ticarət mərkəzləri ilə dəbdəbəli bağ evləri arasında su xizəyi və kanoe ilə məşğul ola bilirlər. Yukatan ştatı Meksika körfəzindəki çimərlikləri, istirahət kompleksləri və qədim Maya şəhərlərinin qalıqları ilə tanınır.

Ştatın səhiyyə naziri Alberto Alkoser sakinləri çirklənmiş su ilə təmasda olduqları halda dərhal tibbi yardıma müraciət etməyə çağırıb.

Alkoser amöbün ətraf mühitdə aşkarlanmasının epidemiya ilə üzləşdikləri və ya bölgəyə gələn hər kəsin xəstələndiyi mənasına gəlmədiyini bildirib. Onun sözlərinə görə, yoluxma yalnız çirklənmiş suyun burun vasitəsilə orqanizmə daxil olması nəticəsində baş verir.

Bir neçə gün xəstəxanada müalicə alan su xizəyi təlimçisinin amöbün törətdiyi, son dərəcə nadir rast gəlinən beyin iltihabı — meninqoensefalit səbəbindən vəfat etdiyi bildirilib.

Naegleria fowleri, xüsusilə 35–46 dərəcə temperaturda, dünyanın müxtəlif yerlərindəki göllərdə, çaylarda və bataqlıqlarda olan durğun şirin sularda çoxalır.

Amöb nadir hallarda beyində iltihaba səbəb olsa da, yoluxma baş verdikdə, demək olar ki, bütün hallar ölümlə nəticələnir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu