Çin yaponlara “Fukusima”dan su içməyi təklif edib
Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) suyunu təhlükəsiz hesab edən yaponlar onu içməyə başlaya bilərlər.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu təkliflə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin çıxış edib: "Əgər kimsə Fukusima Atom Elektrik Stansiyasından çıxan radioaktiv çirklənmiş suyun içmək və ya üzmək üçün yararlı olduğunu düşünürsə, biz Yaponiya tərəfinə radioaktiv çirklənmiş suyu okeana atmaq əvəzinə, insanların içməyi və çimməsi üçün istifadə etməsini təklif edirik".
Venbin verdiyi açıqlamada, bəzi ekspertlərin atom elektrik stansiyasından çıxan suyun istehlak üçün yararlı olması ilə bağlı qiymətləndirmələrinə cavab olaraq bildirib.
Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi "Fukusima-1"-dən nüvə tullantıları ilə çirklənmiş suyun okeana axıdılmasını ən yaxşı utilizasiya variantı adlandırmışdı. O, mayedən qurtulmağın bu üsulunun təhlükəsiz olduğunu vurğulayıb.
Yaponiya hökuməti 2021-ci ilin aprelində qəzalı atom elektrik stansiyasından ən təhlükəli maddələrdən təmizlənmiş suyun boşaldılmasına başlamaq qərarını açıqlayıb. 2022-ci ilin yazında "Tokyo Electric Power" (TERCO) mayenin boşaldılmasına icazə aldı.