Avstraliyada tamamilə süni intellektlə hazırlanan mahnılar aparıcı musiqi siyahılarına daxil ola bilməyəcək
Avstraliyada tamamilə süni intellektlə hazırlanan mahnılar aparıcı musiqi siyahılarına daxil ola bilməyəcək.
AFN.az xəbər verir ki, ARIA tərəfindən verilən açıqlamada süni intellektlə hazırlanan mahnılarla bağlı yeni qaydanın tətbiq ediləcəyi bildirilib.
Açıqlamada avqustun 28-dən etibarən tamamilə süni intellektlə hazırlanan mahnıların ARIA-ya bağlı musiqi siyahılarına daxil ola bilməyəcəyi qeyd edilib.
Böyük ölçüdə insan tərəfindən hazırlanan, lakin səsyazma zamanı süni intellektdən dəstək alınan və siyahıları manipulyasiya etdiyi ilə bağlı narahatlıq yaratmayan mahnıların isə hələ də siyahılara daxil ola biləcəyi bildirilib.
ARIA rəhbərlərindən Annabelle Herd açıqlamasında sənətçilərin süni intellekt alətlərindən istifadə etdiyini, lakin bütün mahnının bu şəkildə hazırlanmasının fərqli bir məsələ ortaya çıxardığını bildirib.
Herd atılan addımla Avstraliyada musiqiçilər üçün daha aydın qaydaların müəyyənləşdirildiyini ifadə edərək, dinləyiciləri musiqi ilə bir araya gətirən digər qurumları da insanların yaradıcılıq istiqamətini dəstəkləməyə və qaydalarında oxşar dəyişikliklər etməyə çağırıb.
Qeyd edək ki, süni intellektlə hazırlanan bir mahnının Avstraliya radiolarında ən çox səsləndirilən mahnı olması və iyul ayında iki ayrı ARIA siyahısında 4-cü pilləyə yüksəlməsindən sonra bu qərar açıqlanıb.

