Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Azərbaycan vətəndaşı Anar Eldar oğlu Abbasov Rusiyadan Azərbaycana ekstradisiya edilib.
AFN.az xəbər verir ki, onun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub və proses 7 oktyabr 2002-ci il tarixli Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın tələblərinə uyğun həyata keçirilib.
Ağstafa Rayon Polis Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Anar Abbasovun təkrarən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub və istintaqdan qaçaraq gizləndiyinə görə axtarışa verilib.
A.Abbasov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.




