Sem Altman dünyada süni intellekt avtoritarizminin yaranmasından qorxduğunu bildirib
ABŞ mərkəzli süni intellekt şirkəti OpenAI-ın baş direktoru (CEO) Sem Altman “hər arzunu həyata keçirəcək bir cini yaratmağa yaxın olduqlarını”, lakin bu texnologiyanın avtoritarizm yaratmaq əvəzinə bəşəriyyətə fayda verməsi və geniş istifadəyə açıq olması üçün çalışmalı olduqlarını bildirib.
AFN.az xəbər verir ki, ChatGPT süni intellekt çatbotunu hazırlayan OpenAI şirkətinin CEO-su Altman iştirak etdiyi podkast proqramında süni intellekt texnologiyasının mövcud vəziyyəti və gələcəyi ilə bağlı qiymətləndirmələr aparıb.
Altman təhlükəsizlik problemləri və peşələrin gələcəyi kimi süni intellektlə bağlı böyük qeyri-müəyyənliklərin davam etdiyini, lakin ən böyük qorxularından birinin dünyada süni intellekt avtoritarizminin yaranması olduğunu deyib.
Müəyyən bir qrup insanın və ya şirkətin süni intellekt vasitəsilə dünyanı idarə edə biləcəyini düşünməsinin çox pis olacağını vurğulayan Altman bu texnologiyanı son dərəcə geniş yayılmış, son dərəcə ucuz, son dərəcə güclü etmək və hər kəsin istifadəsinə təqdim etmək məqsədi daşıdıqlarını bildirib.
Altman süni intellektə çıxışın genişlənməsinin sözügedən avtoritarizm yaranmadığı təqdirdə insanların rifahını böyük ölçüdə artıracağını müdafiə edib.
Süni intellektin hazırkı mərhələdə insanı təqlid etməkdən kənara çıxaraq gözlənilməz şəkildə inkişaf edə bildiyi mərhələyə çatdığını irəli sürən Altman bunun 10 il əvvəl qeyri-real bir xəyaldan ibarət olduğunu, lakin indi bunun dünya üçün çox müsbət nəticələr doğuracağını iddia edib.
Altman bəzi digər şirkətlərin bu mövzudakı baxışlarının çox qorxuducu olduğunu bildirərək, bunların reallaşmasının qarşısını almaq üçün çalışacağı mesajını verib.
OpenAI və bütün süni intellekt sənayesinin qarşısında duran marketinq çətinliklərinə toxunan Altman “Birincisi, hər arzunu həyata keçirəcək bir cini yaratmağa yaxınıq. İkincisi, ilk arzularımızın bəşəriyyətə böyük fayda verəcəyinə və dünyanı daha çox insanın daha çox arzu haqqına sahib olduğu bir yerə çevirdiyimizə əmin olacağıq” ifadələrini işlədib.
