Sem Altman: Süni intellekt qlobal məşğulluq böhranına səbəb olmayacaq



"OpenAI" şirkətinin baş icraçı direktoru (CEO) Sem Altman süni intellektin sürətli inkişafına baxmayaraq, ofis işlərinin sıradan çıxma sürətinin qorxduğundan daha aşağı olduğunu bildirərək, qlobal məşğulluq böhranının gözlənilmədiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Avstraliyada təşkil edilən bankçılıq konfransına onlayn formatda qoşulan Sem Altman "ChatGPT"nin 2022-ci ildəki təqdimatından bəri texnoloji proqnozlarında haqlı çıxdıqlarını, lakin sosial və iqtisadi təsirlər barədə yanıldıqlarını etiraf edib.

Xüsusilə başlanğıc səviyyəsindəki ofis vakansiyalarının artıq çoxdan yox olacağını təxmin etdiyini söyləyən Altman bu məsələdə haqsız çıxmasından böyük məmnunluq duyduğunu dilə gətirib.

Keçmişdə bu riskləri dilə gətirdiyi üçün ictimaiyyətdə qorxu yaymaqda ittiham olunduğunu xatırladan "OpenAI" rəhbəri həmin dövr üçün bunun danışılması vacib olan real bir risk olduğunu müdafiə edib.

Bir çox qlobal şirkətin bəzi mövqelərdə süni intellektdən istifadə etməyə başladığı bir vaxtda Altman iş həyatındakı insani toxunuşun yerinin doldurula bilməyəcəyini anladığını vurğulayıb.

Öz elektron məktublarını və mesajlarını cavablandırmaq üçün bir müddət süni intellektdən istifadə etdiyini, lakin daha sonra yenidən şəxsən cavablandırmağa qayıtdığını bildirən Altman insanların bir-biri ilə olan real ünsiyyətə hər zaman dəyər verdiyini ifadə edib.

Bu təcrübədən sonra əmək bazarı ilə bağlı fikirlərini yenilədiyini deyən məşhur CEO sektordakı bəzi şirkətlərin iddia etdiyinin əksinə olaraq kütləvi işsizlik dalğası gözləmədiyini sözlərinə əlavə edib.

Süni intellekt texnologiyalarındakı liderliyini davam etdirən "OpenAI" digər tərəfdən də maliyyə artımını sürətləndirir.

Şirkətin yaxın həftələrdə ABŞ-da xalqa açılmaq üçün gizli rəsmi müraciət etməyə hazırlaşdığı qeyd olunur.

Sektor mənbələrinin məlumatına görə, "OpenAI" bu xalqa açılma prosesində 1 trilyon dollarlıq şirkət dəyəri hədəfləyir və ən azı 60 milyard dollarlıq yeni investisiya resursu cəlb etməyi planlaşdırır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu