Avropa İttifaqı ilə strateji müttəfiqlik haqqında saziş yaxın zamanda imzalanacaq - deputat


Azərbaycanın Avropa ölkələri ilə vizasız gediş-gəlişi məsələsi gündəmdədir. Cənubi Qafqaz ölkələrindən Gürcüstan artıq bu problemi həll edib, Ermənistan prosesi başladıb. Azərbaycanla bağlı məsələyə gəldikdə, ekspertlər düşünürlər ki, dövlətimizə olan ikili yanaşma bu prosesə mane olur. Əks halda, artıq çoxdan bu məsələ həllini tapmış olmalı idi.


Milli Məclisin deputatı Məlahət İbrahimqızı AFN.az-a açıqlamasında mövzunun kifayət qədər ciddi olduğunu dedi: “Deyirsiz, Ermənistan prosesi başlayıb. Başlasın, biz heç bir dövlətin daxili işinə qarışa bilmərik. Hər dövlətin öz yolu var. Qaldı ki, Azərbaycan niyə bu məsələni həll etmir. Möhtərəm Prezidentimiz nəyi necə, nə vaxt etməyin lazım olduğunu gözəl bilir. Amma deyə bilərəm ki, dövlətimizlə Avropa İttifaqı arasında strateji əməkdaşlıq haqqında sazişə hazırlıq gedir. O sazişin demək olar ki, əsas hissəsi razılaşdırılıb, sazişin maddələri üzərində razılıq əldə edilib, lakin müəyyən həlledici müddəalar var ki, onlarla bağlı müzakirələr gedir".
M.İbrahimqızı qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji müttəfiqlik haqqında saziş hələ Vətən Müharibəsindən əvvəl başlayıb: "Demək olar ki, bütün müddəalar razılaşdırılmışdı. Bir neçə məsələ qalıb ki, onlar da iki tərəf arasında müzakirə olunaraq imzalanacaq. Ermənistan və Gürcüstanı heç vaxt Azərbaycana nümunə çəkməyin, mən bunu istəməzdim. Avropa məkanında lider qalmayıb ki, İlham Əliyev haqqında yetəri qədər müsbət fikir səsləndirməsin. Halbuki onların əksəriyyəti müharibədən əvvəl Azərbaycana qarşı riyakar mövqedə idilər. Zaman göstərdi ki, İlham Əliyevin siyasəti nə qədər müdrikdir, nə qədər praqmatikdir. Bilirsiniz ki, Azərbaycan Avropa Birliyinə daxil olan 10 ölkə ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu günlərdə möhtərəm Prezidentin Serbiya səfəri zamanı bu dövlətlə də belə bir saziş imzalandı. Demək istəyirəm ki, Aİ ilə ayrıca strateji əməkdaşlıq haqqında saziş yaxında yekunlaşacaq. Bu ilin iyun ayında Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ölkəmizə səfərə gəldi və enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalandı. Bu da tarixi hadisə idi”.

FƏRAHİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu