Azərbaycan Avropa ilə viza problemini niyə həll etmir?


Gürcüstanın ardınca Ermənistan da Avropaya vizasız gediş üçün prosesləri başladıb. Görünən odur ki, bir müddətdən sonra bu ölkənin vətəndaşları da Avropa ölkələrinə vizasız gedib-gələ biləcəklər. Bəs Azərbaycan niyə bu prosesi başlatmır? Problem siyasi münasibətlərdədir, yoxsa başqa məsələlər var?


BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AFN.az-a açıqlamasında bildirdi ki, Azərbaycan dövləti bu istiqamətdə bütün lazımi prosedurları reallaşdırmalıdır: “Amma söhbət ondan gedir ki, Avropa ölkələri bu məsələyə müsbət yanaşacaqmı?! Azərbaycan hakimiyyəti və xalqı bu məsələdə maraqlıdır. Qeyd etdiyiniz kimi, Gürcüstanla bağlı bu məsələ öz müsbət həllini tapıb, Ermənistan artıq proseduru başladıb, amma Azərbaycana onlar qədər müsbət yanaşılmayacağını deyə bilərik. İstər beynəlxalq təşkilatların, istər Avropa dövlətlərinin Azərbaycana münasibəti o ölkələrdən fərqlidir. Həm dini, həm milli mənsubiyyətimizə görə, üstəgəl Türkiyə amili var. Uzun müddətdir Türkiyənin Avropa Birliyinə üzvlüyünə maneçiliklər törədilir, süni problemlər yaradılır. Amma mən düşünürəm ki, bütün bunlara baxmayaraq, Azərbaycan da bu məsələdə birmənalı mövqe ortaya qoymalıdır və Azərbaycan vətəndaşları da Avropaya vizasız gediş-gəliş imkanı qazanmalıdır. Azərbaycan coğrafi baxımdan da Avropanın tərkib hissəsidir, heç bir məntiqə uyğun olmaz ki, Gürcüstan və Ermənistana yaşıl işıq yandırılsın, Azərbaycana problem yaradılsın. Bu, baş verəcəksə, təbii ki, dövlətimizə olan ikili və qərəzli münasibətdən irəli gələcək. Bu, kifayət qədər ciddi məsələdir, hökumət bütün məsuliyyətilə bu prosesə başlamalı, lazım olan addımları atmalıdır. Elə bir vəziyyət yaratmalıyıq ki, Avropa özü seçim qarşısında qalsın, Azərbaycanı kənarda qoymaq üçün başqa yolu olmasın”.
N.Orduxanlı qeyd etdi ki, Azərbaycana münasibət heç də siyasi proseslərlə əlaqəli deyil: “Qətiyyən düşünmürəm ki, hansısa siyasi təzyiqlər, siyasi məhbus problemləri üzündən belə yanaşılsın. Məsələn, Ermənistanda bilirsiniz ki, son iki-üç ildə hakimiyyətdə olmuş, ən yüksək vəzifə daşımış şəxslər həbs edilib. Hətta Köçəryanın, komandasının bir sıra üzvlərinin həbsi olub, hazırda bir sıra jurnalistlər, QHT təmsilçiləri, siyasətçilər həbsdədir. Köçəryan yalnız Putinin tələbindən sonda azadlığa çıxdı, məhkəməsi isə hələ davam edir. Bütün bunlara baxmayaraq, Ermənistandan gələn vizasız gediş-gəliş məsələlərinə müsbət yanaşmaq niyyətləri ortadadır. Gürcüstanın özündə də keçmiş prezident həbsdədir, üstəlik, beynəlxalq təşkilatların siyasi məhbus kimi qəbul etdiyi şəxslər də var. Mən düşünürəm ki, burada əsas amil xristian həmrəyliyi, türkofobiyadır, avropalıların içindi türkə qarşı tükənməz bir nifrət, İslam dininə qarşı xof var. Bu amillər faktiki olaraq Azərbaycana qarşı da özünü büruzə verir”.

ŞƏMS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu