Bakıda 76, Türkiyədə 15 manatdır - dərman qiymətlərilə bağlı ETİRAZ
Sosial şəbəkələrdə daha bir dərmanın qiymətinin qalxması müzakirələrə səbəb olub.
AFN.az xəbər verir ki, jurnalist Mahir Məmmədli Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan dərmanın iki qutusunu Türkiyədə 150 lirəyə (15 manat 69 qəpik) satıldığını bildirib: "Bakıda bir qutuya verəcəyimiz pulla təxminən 5 qutu dərman almaq mümkündür. Eyni dərmanın bir qutusunu Tiflisdən 11 manata almışdım bu yaxınlarda".
“Qalvus Met” adlı dərmanın Almaniyada daha ucuz olduğu məlum olub. Belə ki, Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu elə M.Məmmədlinin paylaşımında şərh yazaraq bildirib ki, həmin ölkədə 5 avroya satılan “Qalvus Met”i hətta apteklər evə pulsuz göndərirlər.
Qeyd edək ki, bu kimi hallar son vaxtlar tez-tez gündəmə gəlir. Milli Məclisin bu gün keçirilən iclasında da dərmanların qiyməti müzakirə olunub. Deputat Rəşad Mahmudov və Razi Nurullayev apteklərdə bəzi dərman preparatlarının tapılmaması və ya qiymətlərinin artması məsələsinə münasibət bildiriblər. Onlar deyib ki, bu vəziyyət həm həkimlərə, həm də pasiyentlərə çətinlik yaradır. Razi Nurullayevin sözlərinə görə, ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir: "Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur".